YAP müharibə günlərində necə çalışır - partiyadan açıqlama
Aydın Mirzəzadə: “Bu gün müharibə təkcə döyüş meydanında deyil...”
Azərbaycan Ordusu torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün əks-hücum əməliyyatlarına - Vətən, azadlıq müharibəsinə başlayandan dərhal sonra ölkəmizdə siyasi partiyaların bir çoxu, əsasən də müxalifət partiyalarının bəziləri siyasi fəaliyyətlərini dayandırdıqlarını, bütün imkanları ilə dövlətə dəstək verdiklərini bəyan ediblər. Bu dövr ərzində hakim Yeni Azərbaycan Partiyasının müharibə günlərində fəaliyyətinin necə qurulduğu ilə maraqlandıq.
Yeni Azərbaycan Parrtiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, bu gün Vətən müharibəsi, torpaqlarımızın işğaldan azad olunması mövzusunun bir-iki partiyanı çıxmaq şərtilə bütün siyasi mərkəzlərin diqqətində olması çox yaxşı haldır: “Siyasi partiyaların ümumi mövqedən çıxış etməsi, torpaqlarımızın işğaldan azad edilməsi üçün aparılan hərbi əməliyyatları dəstəkləməsi milli birliyi daha da möhkəmləndirir, qələbəmizi şərtləndirən amillərdən biri də budur. Düzdür, hər bir siyasi partiya öz qərarını özü verir, bu məsələyə nə dövlət, nə də hakimiyyət təsir edə bilməz. Amma şəxsən mən istəməzdim ki, hətta bu dövrdə belə, siyasi fəaliyyət dayandırılsın. Hər partiyanın özünün tərəfdarları var. O başqa məsələ ki, bu gün ideoloji bazadan, hakimiyyətə münasibətdən asılı olmayaraq bütün siyasi qüvvələr bir məqsədə qulluq etməlidir. Torpaqlarımızın işğaldan azad edilməsi, cəmiyyətin səfərbər edilməsi üçün hər bir siyasi partiya öz tərəfdarları, öz elektoratı ilə işləməlidir. Bu istiqamətdə bu günün tarixi bir an olduğu, bu gün Azərbaycan xalqının tarix yazdığını öz tərəfdarlarının diqqətinə çatdırmalıdır. Hər bir partiya bunu öz metodu ilə edir və mətbuatdan da bunu izləyirik”.
A.Mirzəzadə məlumat verdi ki, Yeni Azərbaycan Partiyası bu gün həm tərəfdarları, həm bütün cəmiyyətlə vətən müharibəsi mövzusunda geniş şəkildə işləməkdə davam edir: “Biz bu günün əsas məsələlərini hər bir vətəndaşın diqqətinə çatdırmağa çalışırıq. Bu gün ümumi qələbəmizə aparan bütün təşəbbüslərə dəstək veririk, özümüz də təşəbbüslərlə çıxış edirik. Şəhid ailələrinə diqqət ayırırıq, müharibədə yaralananların həm özlərinə diqqət, eyni zamanda ailələrinə diqqət etməyə çalışırıq. Eyni zamanda bu və ya digər formada cəbhə ilə bağlı olan insanların sosial problemlərinin həllində və yaxud da hansısa bir çətinliyində ona dəstək olmağa, hakimiyyət orqanları ilə bunun üçün əlaqə saxlamağa və ya öz imkanımız daxilində problemi həll etməyə çalışırıq. Məsələn, işğalçı Ermənistanın Gəncə şəhərinə ağır raket zərbəsindən sonra Yeni Azərbaycan Partiyası zərbə nəticəsində valideynlərini itirmiş uşaqların hər birinə ayda 18 yaşına qədər 300 manat təqaüd verəcək.
Bu, dövlətin verəcəyi təqaüddən əlavədir. Eyni zamanda partiyanın hər bir rayon, şəhər, ərazi təşkilatı bu gün hərbi qulluqda olan, səfərbərliyə çağırılmış vətəndaşların ailələri, şəhid ailələri ilə çox sıx işləyir. Bu istiqamətdə həm partiya işçilərimiz, həm partiya fəalları aktivlik göstərirlər”.
Deputat qeyd etdi ki, eyni zamanda hakim partiya informasiya müharibəsi içərisində olduğumuzu da həmişə yadda saxlayır və bu istiqamətdə işlər görür: “Bu gün müharibə təkcə döyüş meydanında deyil, eyni zamanda internet resurslarında da gedir. Bu istiqamətdə Yeni Azərbaycan Partiyasının üzvləri sosial şəbəkədə ciddi iş aparırlar. Düzgün informasiyanın yayılmasında, eyni zamanda Ermənistanın yaydığı yalanların ifşa edilməsində Yeni Azərbaycan Partiyasının üzvləri fəallıq göstərirlər. Ermənistan xüsusi xidmət orqanları sosial şəbəkənin Azərbaycan seqmentinə yalan informasiyalar yaymağa, onları müzakirə mövzusuna çevirməyə çalışır. YAP üzvləri bu yalanların ifşa edilməsində böyük rol oynayırlar. Eyni zamanda biz vətəndaşlarımıza yoxlanılmamış materialları, yaxud da özlərinin haradasa çəkdikləri şəkilləri sosial şəbəkədə yaymamağa çağırışlar edirik. Çünki bu, düşmənə üçün bizim zərərimizə iş aparmaq üçün mənbə rolunu oynaya bilər. Son günlərdə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi böyük bir təşəbbüslə çıxış etdi və hazırda onu reallaşdırır. Dünyanın aparıcı ölkələrinin parlament üzvlərinə, siyasi partiyalarına, ictimai fəallarına, ayrı-ayrı QHT rəhbərlərinə, insan hüquqları ilə məşğul olan təşkilatlarına, beynəlxalq təşkilatların elektron poçtuna Dağlıq Qarabağ probleminin mahiyyəti barəsində yığcam, amma informativ məlumatlar göndərirlər. Həmçinin vaxtaşırı baş verən hadisələrlə bağlı həmin məlumatlar yenilənir. Məsələn, bu gündən başlayaraq 27 oktyabrda Ermənistanın Bərdədə dinc insanların yaşadığı evə raket zərbəsi atması nəticəsində 4 nəfərin həlak olması, 14 nəfərin yaralandığı barədə, 8 yaşlı Aysunun həlak olması barədə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi beynəlxalq miqyasda informasiya yaymağa başlayır. Bir sözlə, Yeni Azərbaycan Partiyası bir siyasi partiya kimi bu gün vətənimizin ərazi bütövlüyünün təmin olunması üçün mübarizədə öz töhfəsini verməyə çalışır”.
Facebook-da paylaş