Azərbaycan Ali Məhkəməsi dünya ölkələrinin Ali məhkəmələrinə bəyanat göndərib

 Azərbaycan Respublikasının Ali Məhkəməsi Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının qarşısının alınması məqsədilə görülən tədbirlərlə bağlı bəyanat qəbul edib.
Şəffaflıq.az Ali Məhkəmənin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bəyanat dünya ölkələrinin, o cümlədən Avropa Şurasının üzv dövlətlərinin Ali məhkəmələrinə göndərilib.
Bəyanatda deyilir: “Ermənistan Respublikasının silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, eləcə də yaşayış məntəqələrini intensiv atəşə tutaraq təmas xətti boyunca Azərbaycan Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
Bu hərbi təcavüzə cavab olaraq, Azərbaycanın Silahlı Qüvvələri özünümüdafiə hüququna və beynəlxalq humanitar normalara əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun surətdə Ermənistanın işğalçı qüvvələrinə qarşı əks-hücum əməliyyatlarını davam etdirir.
Sentyabrın 27-dən etibarən təmas xəttindən 50-250 kilometr məsafədə yerləşən şəhər və kəndlərimizdə - Gəncə, Biləsuvar, Tərtər, Ağcabədi, Bərdə, Xızı və digər yaşayış məntəqələrimizdə azərbaycanlı mülki əhalinin davamlı olaraq atəşə tutulması nəticəsində üçü uşaq olmaqla 29 mülki şəxs həlak olub və 144-dən çox şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.
Həmçinin əhalinin 500-ə yaxın mülkü, o cümlədən xüsusi mülkiyyət, su anbarı və Mingəçevirdəki elektrik stansiyası, Xəzər dənizindən Avropaya xam neft və təbii qaz tədarük edən enerji boru kəmərləri (Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənubi Qafqaz Boru Kəməri) və Tərtər bölgəsindəki regional məhkəmə binası Ermənistan silahlı qüvvələrinin atəş hədəfləri olub.
Bu son hadisələr Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzünün və Azərbaycana qarşı son təxribatlarının davamıdır. Belə ki, 2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələri təcavüzkar ekspansionist siyasətini Dağlıq Qarabağ bölgəsindən şimala doğru dəyişdirərək Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi qulluqçuları və mülki şəxsləri öldürərək hərbi mövqelərə və mülki obyektlərə ağır artilleriya zərbələri endirib.
İndiki Ermənistan-Azərbaycan silahlı qarşıdurmasının kökündə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və tarixən Azərbaycan torpaqları olan Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun qanunsuz işğalı ilə bağlı erməni siyasəti dayanır.
Bu gün Azərbaycan ərazilərinin təxminən 20 faizi qeyri-qanuni erməni işğalı altındadır və Azərbaycanın mülki əhalisinə qarşı aparılan etnik təmizləmə nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün evlərindən qovulub, 20 min insan öldürülüb, 50 min insan yaralanıb və ya əlil olub, təxminən 5 min nəfər Azərbaycan vətəndaşı hələ də itkindir.
1992-ci ilin fevralında Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı misli görünməmiş bir qırğın törədildi. Fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələri 106 qadın, 63 uşaq və 70 qoca olmaqla 613 mülki şəxsi qətlə yetirib. Bundan başqa, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi bu günə qədər bilinmir. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədənlər indiyədək tutulmayıb və məsuliyyətə cəlb olunmayıblar.
Mövcud silahlı münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar da daxil olmaqla bütün beynəlxalq diplomatik səylərin Ermənistan hökuməti və rəhbərliyinin qeyri-konstruktiv yanaşması səbəbindən bu günə qədər uğursuz olduğu xüsusi olaraq vurğulanmalıdır.
Ermənistan hökuməti Dağlıq Qarabağı və ona bitişik rayonlarını Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrini, Qoşulmama Hərəkatı, Avropa Şurası və Avropa Birliyi kimi aparıcı beynəlxalq təşkilatların bir sıra qətnamələrini açıq şəkildə yerinə yetirməyib.
Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” qərarında (№ 13216/05, 16 iyun 2015) qeyd olunur: “Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən etibarən Ermənistanın “Dağlıq Qarabağ respublikası” üzərində əhəmiyyətli və həlledici təsiri olub. Bu iki qurumun praktik olaraq bütün vacib məsələlərdə yüksək səviyyədə inteqrasiyası bu günə qədər davam edir. Başqa sözlə desək, “Dağlıq Qarabağ respublikası” və onun rəhbərliyi Dağlıq Qarabağ və ətraf ərazilər üzərində təsirli nəzarəti həyata keçirən Ermənistanın ona verdiyi hərbi, siyasi, maliyyə və digər dəstək sayəsində yaşayır ... ”.
Azərbaycan Respublikasının sərhədlərinin xarici təhdidlərə qarşı toxunulmazlığını qoruması və ərazilərindəki hər kəsin insan hüquq və azadlıqlarını təmin etməsı 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokolları da daxil olmaqla, beynəlxalq hüquqa dair bütün vəzifələrinə və öhdəliklərinə uyğundur. Azərbaycan hökuməti hər zaman silahlı qüvvələrin döyüşçülərlə mülki şəxsləri, hərbi obyektlərlə mülki obyektləri ayırd etməsini tələb edən beynəlxalq humanitar hüququn təməl prinsipinə əməl etdiyini bəyan edir. Bundan əlavə, Azərbaycan silahlı qüvvələri mülki insanları hədəfə alma və ya mülki insanların əmlakına zərər vuran hücumlara qarşı mütləq qadağaya hörmət etmək öhdəliyini təsdiqləyir.
Biz Azərbaycan hökumətinin ərazi bütövlüyünü bərpa etmək və bütün məcburi köçkünlərin hüquqlarını bir daha təsdiq edərək öz evlərinə qayıtmalarını təmin etmək səylərinin tərəfdarıyıq. Bununla, bölgədə həqiqi və davamlı sülhə kollektiv şəkildə nail olmaq mümkündür.
Qanunun aliliyinin gücləndirilməsinə, insan hüquqlarının və əsas azadlıqlarının qorunmasına yönəlmiş çoxtərəfli səylərimizi dəstəkləməyinizi gözləyirik”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}