İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını pislədi
İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyas Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatına dair bəyanatla çıxış edib.
Şəffaflıq.az xəbər verir ki, Ermənistan ordusu tərəfindən edilən hücumdan və Azərbaycan ərazilərinin böyük bir hissəsinin işğal altında qalmasından dərin narahatlığını ifadə edən Baş katibin bəyanatında iyulun 12-də Ermənistan silahlı qüvvələrinin artilleriya dəstəyi ilə həyata keçirdiyi hücum nəticəsində Azərbaycan ərazisində ölənlərin və yaralananların olduğu bildirilir. Bəyanatda Ermənistanın İslam Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycana qarşı təcavüzü pislənilir, bir daha bu hücumdan dərin narahatlıq ifadə olunur.
Bəyanatda, həmçinin vurğulanır ki, Muhammed Xurayçi Niyas İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının konfranslarının qətnamə və qərarlarına, habelə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən, erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyri-şərtsiz və tamamilə çıxarılmasına çağırır, bu qərar və qətnamələrin ciddi şəkildə yerinə yetirilməsini tələb edir.
Facebook-da paylaş