Avropa ölkəsi miqrant axınının qarşısını ala bilmir
İlin əvvəlindən İtaliyaya azı 9373 qanunsuz miqrant gəlib. Bu, 2019-cu ilin uyğun dövrü ilə müqayisədə təxminən 4 dəfə çoxdur. İtaliya açıq-aşkar miqrant axınının qarşısını ala bilmir.
Şəffaflıq.az xəbər verir ki, miqrantların əksəri qeyri-hökumət təşkilatlarının gəmilərindən istifadə edib. Onlar Aralıq dənizinə yol tapandan sonra həmin gəmilərin köməyi ilə xilas olunurlar və sahilə çıxırlar.
İtaliyaya daha çox Tunis vətəndaşları üz tutur. İndi bu Afrika ölkəsi siyasi və iqtisadi baxımından tarixinin ən pis dövrlərini keçirir. Vəziyyəti pandemiya bir az da ağırlaşdırıb.
Miqrasiya məsələləri üzrə ekspert Paolo Hovard deyir ki, Tunis küçələrində daha çox polis görünməyə başlayıb. İnsanların fərdi azadlıqları xeyli məhdudlaşdırılıb: “Üstəlik, dərin maliyyə böhranı da var. Ölkədən qaçanların çox arqumentini sadalamaq olar”.
Miqrantlar daha çox Siciliya və Lampeduza sahillərinə üstünlük verir. “Radio Radicale”nin jurnalisti Sercio Skandura deyir ki, səbəb sadədir, Afrikadan bu adalara daha yaxındır: “Liviyadan qayıqlarla 240 kilometr üzmək yetər. Tunisdən isə hətta iki dəfə daha az məsafə var. Orada daha etibarlı qayıq tapmaq şansı da çoxdur”.
Skandura Liviya və Tunisdə cinayətkarlığın səviyyəsinin artmasına da diqqət çəkir. Çünki neft qiymətləri xeyli aşağı düşüb. Azadlıqların məhdudlaşdırılması da işini görüb.
Qanunsuz miqrant daşınması biznesi sosial şəbəkələrdə inkişaf etdirilir. “İl Messaggero” bu işlə məşğul olanların daha çox “Telegram” və “Facebook”da fəal olduqlarını yazır. Bir neçə min avron varsa, sosial şəbəkələrdə əlaqə qurub Avropaya üz tuta bilirsən.
Mütəxəssislər yaxın gələcəkdə axının azalmayacağını düşünür. Çünki sahilə yaxın Afrika ölkələrində iqtisadi böhran zamanla daha da dərinləşir. İtaliya isə pandemiyadan yaxa qurtarmaq üçün böyük iradə ortaya qoyur.
Facebook-da paylaş