Prezident Şamaxıdakı hadisəyə olduqca çevik qiymət verdi – Deputat
Azərbaycan Prezidenti İlham Əliyev zəlzələnin Şamaxıda törətdiyi fəsadlarla əlaqədar operativ və dəqiq qiymət verdi. Hadisə baş verən gecə əhaliyə kömək göstərilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi və digər aidiyyatı qurumlara tapşırıq verməsi, bu gün isə özünün hadisə yerinə getməsi cənab prezidentin həm dövlət xadimi, həm də bir insan kimi müsbət və dəyərli keyfiyyətlərinin göstəricisidir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.
Onun sözlərinə görə, hər bir dövlət rəhbərinin ən mühüm keyfiyyətlərindən biri onun zamanında düzgün qərar qəbul etmək qabiliyyətidir: “Məhz son fəaliyyət də göstərir ki, ölkə başçısı həmişə hadisələrə vaxtında və düzgün qiymət verib. Cənab prezidentin Şamaxıya səfərinin həm də çox böyük mənəvi-psixoloji əhəmiyyəti var. Yəni o bölgənin hər bir sakini, bütövlükdə Azərbaycan vətəndaşları hiss edirlər ki, dar zamanda da, xoş gündə də ölkə başçısı onların yanındadır, dövlətin, rəhbərinin hər cür qayğısını ilə əhatə olunublar”.
Deputat qeyd edib ki, zəlzələ baş verən gecə insanlara ilkin tibbi və psixoloji yardımın göstərilməsi, onların lazımi şəraitlə təmin olunması mühüm əhəmiyyət kəsb edir: “Zərər dəyən evlərin təmiri dövlət tərəfindən həyata keçiriləcək. Ölkə başçısı hadisəyə olduqca çevik qiymət verdi, Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması, zəlzələdən zərər çəkmiş evlərin bərpası üçün 2 milyon manat vəsait ayırdı. Ağsu, Şamaxı və İsmayıllı rayonlarında vətəndaşların bütün sosial problemləri həll olunacaq. Bundan öncəki dönəmdə istər Zaqatala-Balakən bölgəsində zəlzələ olanda, istərsə də Kür çayının daşması nəticəsində Mil-Muğan bölgəsindəki bir sıra yaşayış məntəqələrinə xəsarət dəyəndə dövlətin və ölkə rəhbərinin qayğısı və diqqəti olmuşdu. Bunlar hamısı Azərbaycan prezidentinin öz vətəndaşlarının sosial müdafiəsinin keşiyində durmasının ifadəsidir. Vətən sağlam vətəndaşı ilə, vətəndaş isə öz dövlətinin lideri ilə güclüdür”.
Şəffaflıq.az
Facebook-da paylaş