RUSİYADA ÖZƏL SEKTOR “ÇÖKÜR” - İş adamları hökumətə “qeyri-kafi” qiymət veriblər

 

Koronavirus pandemiyasının iqtisadiyyatını “vurduğu” ölkələr sırasında Rusiyanın özünəməxsus yeri var. Bir tərəfdən dünya bazarında enerjidaşıyıcılarına tələbatın kəskin azalması səbəbindən neft qiymətlərinin “çökməsi”, digər tərəfdən isə ölkə daxilində pandemiya ilə bağlı məcburən tətbiq edilən qadağalar Rusiya iqtisadiyyatının demək olar bütün sahələrini ağır duruma salıb.

Şəffaflıq.az xəbər verir ki, Rusiyanın “RBK” dərgisi biznes-ombudsman Boris Titova istinadla ölkədəki iş adamları arasında keçirilən sorğunun nəticələrini yayımlayıb. Sorğunun nəticələrindən belə məlum olub ki, iş adamlarının böyük əksəriyyəti öz bizneslərinin pandemiyadan “sağ-salamat” çıxacağına ümid etmirlər.

Belə ki, rəyi soruşulan biznesmenlərin 62 faizi pandemiyadan sonra bizneslərinin qorunacağı ehtimalının 50 faizdən aşağı olduğunu bildiriblər. Onların yalnız 13.4 faizi böhranı atladacaqlarına əminlik ifadə ediblər. Bu zaman şirkətlər əsas problemlərini əmək haqlarının, vergilərin və icarə haqlarının, eləcə də banklardan götürdükləri kreditlərin ödənilməsinin mümkünsüzlüyü, həmçinin onlara borcu olanların həmin borcları ödəmək iqtidarında olmaması iləəlaqələndiriblər.

Sorğunun üzə çıxardığı ən maraqlı məqamlardan biri isə kiçik və orta biznes nümayəndələrinin hökumətə olan münasibətidir. Belə ki, rəyi soruşulanların 55 faizi hökumətin pandemiya dövründəki fəaliyyəti və onun iqtisadiyyata təsirini azaltmaq istiqamətindəki işini “qeyri-kafi” qiymətləndiriblər. İş adamlarının cəmi 6.6 faizi Mişustin hökumətinin fəaliyyətindən tam razı qaldıqlarını qeyd ediblər.

Bu, Rusiyanın yeni hökumətinə münasibətin heç də pozitiv olmadığını göstərən ilk sorğu deyil. İstər biznes nümayəndələri, istərsə də sıravi vətəndaşların böyük əksəriyyəti Rusiyadakı son hökumət dəyişikliyinin hansısa müsbət nəticə verəcəyinə pessimist yanaşırlar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}