Gözəllik salonları rəhbərləri üsyana qalxıb – bizim açılmağımıza niyə icazə verdiz?
Salonlar müştəri üzünə həsrətdi, ay sonunda icarə haqqını necə verəcəklər?
Musavat.com-un bu yazısını olduğu kimi paylaşmağı vacib bildik.
Xəbər verdiyimiz kimi, mayın 4-dən etibarən bərbərxanalar və gözəllik salonlarının fəaliyyətı bərpa olunub. Artıq pandemiya dövründə bərbər və gözəllik salonlarının fəaliyyətinə dair yeni qaydalar da müəyyənləşib. Amma musavat.com şəhərin bir çox gözəllik salonlarına baş çəkərək, vəziyyətin acınacaqlı olduğunu görüb.
SAÇ USTASI MƏTANƏT: “BİZİM ƏSAS MÜŞTƏRİLƏRİMİZ MÜƏLLİMƏLƏR VƏ GƏLİNLƏR İDİ – İNDİ NƏ MƏKTƏB VAR, NƏ DƏ TOY”
Əməkdaşımız öncə şəhərin Neftçilər metrosu yaxınlığındakı bir neçə gözəllik salonunda olub. Mətanət Əliyeva adlı salon rəhbəri əməkdaşımıza açıqlamasında bildirdi ki, onlar müştəri qıtlığından ciddi şəkildə əziyyət çəkirlər. Onun sözlərinə görə, karantin dönəmində gözəllik salonlarının açılması yaxşı ideya deyildi: “Birincisi, indi orucluqdur. Qadınların saç-baş düzəltməsinə xüsusi ehtiyac yoxdur. Üstəlik, toy da yoxdur, restoranlarda ad günü mərasimləri-filan keçirmək də qadağandır. Gələn bazar ertəsindən etibarən kafe-restoranlar açılsa da, axşam 6-ya qədər işləyəcək. Kimdi 6-ya qədər ad günü keçirən? İkincisi, karantin ölkə üzrə davam edir. Xüsusən də məktəblər bağlı olduğu üçün müəllimələr işə getmir. Nəzərə alaq ki, gözəllik salonlarına ən çox müəllimələr gəlirdi. Dünən cəmi bir müştəri ilə işləmişəm. Bunun nəyi bizə xeyir oldu?”
Müsahibimiz deyir ki, salonlar açılan gündən sonrakı bir neçə gün ərzində barmaqla sayılacaq qədər az müştəri salona müraciət edib.
Onların da əksəriyyəti saçına rəng qoymaq istəyən, saçını kəsdirmək istəyənlər olub: “Karantin dövründə saçının rəngi gedən, saçı ağaran qadınlar bir “partiya” gəldilər, bitdi. Ondan sonra bu qapını açdım deyən yoxdur. Mən insanları da başa düşürəm. İş yox, maaş yox. Evdən də bayıra çıxmır. Nəyinə lazımdı gözəllik salonu, bəzənib-düzənmək? Onsuz da qadınlar toyda, ad günündə, nişanda daha çox bəzənirdilər. Onlar da yoxdur. Niyə bura gəlsinlər ki?”
SALON ADMİNİSTRATORU XƏYALƏ : “AYIN SONUNDA SALON SAHİBİNƏ 1500 MANAT İCARƏNİ NECƏ VERƏCƏYİK?”
Gənclik metrosu həndəvərində yerləşən “M Beauty Salon”un administratoru Xəyalə Məmmədova deyir ki, onlar üçün də salonun açılması əlverişli olmayıb. Buna səbəb təbii ki, müştərilərin say azlığıdır: “Lazer salonların işi çox yaxşıdır. Qadınların onlara ehtiyacı çoxdur. Amma gözəllik salonunda nə etmək mümkündürsə, onu evdə də edə bilir qadınlar. Hamının evində feni, saç düzləşdiricisi var. Hamı açır interneti, saçını-başını, makiyajını necə düzəltmək istəyirsə, youtube-dakı videolara baxıb, elə də düzəldir. Buna görə pul da vermir, salona niyə gəlsin ki?”
X.Məmmədova deyir ki, çalışdığı salonun aylıq icarə haqqı 1500 manatdır. Müsahibimiz hazırda salonda 5 saç ustasının, iki dırnaq ustasının, bir kosmetoloqun çalışdığını dedi. Onun sözlərinə görə, sözügedən işçilər gündəlik plan ödəyirlər - qazanclarının 50 faizini salona verirlər: “Ortada qazanc yoxdur, mən bunlardan hər gün nə alıb, yığım? Üstəlik, ay sonunda da 1500 manat verim? Su, qaz, işıq pulu da bizə aiddir.
“Pensionnı” fonda da ödəniş edirik. Ayın sonunda gəl icarədara başa sal ki, bu ay müştəri olmayıb. Deyəcək ki, mənə nə var, açmayaydız. Bir neçə gün də belə getsə, biz salonu bağlayacağıq”.
“YAYIN AXIRINA QƏDƏR ACIMIZDAN ÖLMƏSƏK, YAXŞIDIR”
Müsahibimizin sözlərinə görə, bərbərlərin onlar kimi problemi yoxdur. Çünki kişilər bütün hallarda, iki həftədən bir saçlarını düzəltdirmək zorundadılar. X.Məmmədova deyir ki, belə getsə, qadın saç ustaları bu yay özlərinə kafedə qabyuyan işi axtarmalı olacaq: “Sentyabra qədər məktəb, toy-nişan mərasimləri yoxdur. Bu da o deməkdir ki, biz acından öləcəyik. İnsanlara “gəlin, saçınızı düzəltdirin” deyə yalvara bilmərik ki. İlk bir neçə gün qadınlar gəlib, dırnaqlarını düzəltdirdilər, bitdi. Şellakı, qaynağı olan qadınların əksəri karantin dövründə onları özləri sökdü, təmizlədi. İndi də deyirlər, dırnağımız təbii olanda daha gözəl imiş, dırnaqlarımız istirahət etsin bir müddət”.
X.Məmmədova qorxur ki, yayın sonuna qədər işçilər də, özü də acından ölsün. O, hesab edir ki, dövlət onlara zərərçəkən kimi xüsusi kompensasiya ödəməlidir: “Amma mən və işçilərim yardım üçün müraciət etsək də, yardım verilmədi. Adımıza VÖEN olduğu üçün müraciətimiz rədd edildi. Bizim qazanc yerimiz yoxdur və yaxın bir neçə ayda da olmayacaq. Nə edək? Acımızdan ölək? Əlimizdən başqa heç bir iş gəlmir ki, görək. Gedib təzədən həkimliyi oxuyub, həkim olası deyilik ki?”
Musavat.com xatırladır ki, Azərbaycan Respublikasının Baş Dövlət Sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib.
Qaydalarda bildirilir:
Onlayn növbə qəbul sisteminin tətbiqi;
Əllərin yuyulması: İş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır;
İş önlüyü: Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir;
Müştəri önlüyü: Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır;
Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir;
Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və əlcəkdən istifadəsi məcburidir;
Dəsmalların istifadəsi: Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır;
Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya edilməlidir;
Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir;
Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.
“ÜMİDİMİZ SON ZƏNG TƏDBİRİNƏ İDİ, ONU DA LƏĞV ELƏDİLƏR”
Söhbət etdiyimiz saç ustaları deyirlər ki, ironik də olsa, onlar bütün qaydalara riayət edirlər, amma bunun üçün ortada müştəri yoxdur. Lyuda adlı qaş ustası deyir ki, sosial məsafəyə ehtiyac yoxdur: “Çünki gələn yoxdur. Əvvəl elə bilirdik ki, müştəriləri qrafikə yaza bilməyəcəyik. Amma bizi axtaran belə yoxdur. Qadınlar ancaq lazerə gedirlər. Kişilər də bərbərə. Hamı qaşını özü alır evdə. Saç düzəltdirmək istəyən də yoxdur. İşə getməyəndən sonra kimin nəyinə lazımdır salon? Qızların bu günlərdə ümidi Son Zəngə idi. Bilirsiz ki, həmin günlərdə salonlar dolub-daşır, bütün məzun qızlar gözəlləşmək üçün gəlirlər bura. Amma onu da ləğv elədilər, heç nəyə ümidimz yox. Toylara da icazə verilməyəcək”.
Gördüyünüz kimi, karantinin ən çox zərbə vurduğu sahələrdən biri də gözəllik salonlarıdır. Təbii ki, insanlara zorla “salonlara gedin” demək olmaz. Amma bu sayaq xidmət obyektlərinə dövlət tərəfindən müvafiq kompensasiyalar ödənilməlidir. Əks halda, yaxın zamanda Azərbaycanda gözəllik salonları bir-bir fəaliyyətini dayandıracaq.
Şəffaflıq.az
Facebook-da paylaş