Millət vəkili: “Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır”
“Aparılan islahatlar və Prezident İlham Əliyevin iradəsinin dönməz xarakter alması xoşagəlməz halları qısa zaman kəsiyində tamamilə aradan qaldıracaq".
Bunu APA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı bildirib.
Millət vəkili deyib ki, Prezident İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbulunda bir daha bəzi məmurlara xəbərdarlıq edib: “Bəzi məmurlar baş verənlərdən dərs çıxarmalı, dəyişməlidirlər. Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır. Aparılan kadr islahatları nəticəsində yeni peşəkar, bilikli, müasir kadrlar önə çəkilir. Kadr islahatlar imkan verib ki, yeni peşəkar, bilikli, müasir kadrlar önə çəkilsin. Müasir dünyada siyasi, iqtisadi sahələrdə, beynəlxalq müstəvidə müasir yanaşmalar olmalıdır. Yüksək keyfiyyətli təhsil almış gənc kadrların həm hökumətdə, həm Prezident Administrasiyasında, parlamentdə və digər qurumlarda təmsil olunması bizim şüurlu seçimimizdir. Təcrübəli kadrlar da öz biliklərini gənc nəsillə bölüşməlidirlər. İstənilən sahədə kadrlar dövlətə, xalqa bağlı, vətənpərvər olmalıdırlar və onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır”.
F. Ağamalı vurğulayıb ki, Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşməli və qanunun aliliyi təmin edilməlidir:
“Hüquq mühafizə orqanlarında da daha genişmiqyaslı islahatların aparılması başlıca şərtdir. Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşməli və qanunun aliliyi təmin edilməlidir. Kadrların peşəkarlığı daim diqqət mərkəzində olmalıdır. Bu gün müstəqil dövlətimizin uğurlu yaşaması və möhkəmlənməsi, ilk növbədə, dövlətçiliyimizin möhkəmləndirilməsi ilə bağlıdır. Bütün hüquq mühafizə orqanları elə çalışmalıdırlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda, dövlətin maraqları və qanunun aliliyi təmin edilsin. Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, özü könüllü şəkildə dövlət işindən istefa verməlidir. Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Rüşvətxorluq bu adamlar üçün əsas prinsip olub. Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Heç kim qanundan üstün deyil.
Qanun qarşısında hamı bərabərdir.
Millət vəkili qeyd edib ki, korrupsiya və rüşvətxorluq üçün meydan həm inzibati yollarla, həm institusional üsullarla, həm də cəza tədbirləri ilə daraldılır:
“Bu gün bu ağır dövrdə verilən ərzağı oğurlamaq, fəhlələrə nəzərdə tutulmuş maaşı öz cibinə qoyaraq mənimsəmək həm cinayətdir, həm böyük vicdansızlıqdır. Azərbaycan dövləti həmin vəsaitləri ona görə ayırır ki, bu gün özünə iş tapa bilməyən insan heç olmasa minimum əməkhaqqı səviyyəsində işlə təmin edilsin. Birinci mərhələdə təqribən 30 min iş yeri yaradılmışdırsa, hazırda onların sayı 90 minə çatdırılacaq. Bu sahədə neqativ hallara qarşı çox ciddi mübarizə aparılır və bu mübarizə davam etdiriləcək”.
Millət vəkili nəzərə çatdırıb ki, ölkə Prezidenti 2018-ci ilin aprel ayında prezident seçildikdən sonra bütün çıxışlarında, ayrı-ayrı məmurlarla apardığı görüşlərdə, tapşırıqlarında və eyni zamanda ciddi xarakter daşıyan müşavirələrdə hər zaman Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğunu önə çəkib:
“Ölkə başçısı bu çıxışlarda aparılan islahatların üzərində dayanıb və eyni zamanda məmurların müasir çağırışlara uyğun olaraq, öz davranış və hərəkətlərində, idarəetmə sistemindəki iş qaydalarında tamamilə yeni dəyərlərə söykənməli olduqlarını bildirib. Eyni zamanda fəaliyyətlərində korrupsiyaya, rüşvətxorluğa zərrə qədər imkan verməyib, buna əsas yaratmalı deyillər. Yəni xalqın xidmətçisi kimi məmur olaraq əhaliyə yüksək səviyyədə xidmət etməlidirlər. Bunların hamısını ölkə Prezidenti deyib və düşünürəm ki, bundan üstün söz ola bilməz. Təbii ki, biz də bütün bunlara söykənərək, ölkə Prezidentinin Azərbaycanın dövlətçiliyinin güclənməsinə xidmət edən fikirlərinə, xalqla-məmur, cəmiyyətlə-dövlət arasında münasibətlərin daha yüksək səviyyədə qurulmasına çalışmalıyıq. Xalqımızla dövlətimiz arasındakı münasibətlərin daha da güclənməsinə xidmət edən bu tapşırıqlara məmurların mütləq əksəriyyəti əməl edir. Artıq yeni təyin edilən məmurlarla bağlı biz xoşagəlməz məqamlara rast gəlmirik. Hər halda, bu haqda kütləvi informasiya vasitələrində məlumatlar yoxdur. İnsanlar bununla bağlı sosial şəbəkələrdə bu və ya digər şəkildə fikirlərini ifadə etmirlər. Ancaq görünür ki, köhnə təfəkkürə malik olan, öz tamahını cilovlaya bilməyən və eyni zamanda fəaliyyətində dönüş yaratmağı bacarmayanlar bu cür problemlər yaradırlar".
Şəffaflıq.az
Facebook-da paylaş