Bir şəklin tarixçəsi: Elçibəyin BMT-yə göndərdiyi gənc Elmar Məmmədyarov
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası dünyanın siyasi xəritəsinə adını yazdırmaqla yanaşı, özünün yeni siyasətçiləri və məmur korpusunu da yaratdı. Məşhur ifadədə deyildiyi kimi “kadrlar hər şeyi həll edir”. Ölkə ilk vaxtlar diplomatik xidmətini qurmaq üçün çox əlləşməli oldu. Kadrlar çox az idi, dünya isə çox böyük.
Modern.az-ın “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil 1992-ci ilin noyabr ayında Nyu-Yorkda - BMT-də çəkilib. O zaman qardaş Türkiyə özünün bu beynəlxaq qurumdakı ofisində bir otağını təmənnasız olaraq Azərbaycan üçün ayırmışdı. Azərbaycan Respublikasının Ali Məhkməsinin sədri Tahir Kərimli BMT-dəki Azərbaycanın daimi nümayəndəliyi üçün ayrılmış həmin otağa gəlib.
Kövrək diplomatik addımlarını atan ölkəmizin ilk peşəkar kadrları Ali Məhkəmənin sədri ilə ilə birgə tarix üçün şəkil çəkdirirlər...
”O zaman Azərbaycanın imkanı yox idi ki, müstəqil bina kirayə etsin. Mən də məhkəmə hakimiyətinin və Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi ora getmişdim. Orada işləyənlərlə tanış oldum, səmimi görüşdüm. Daha sonra özləri istədilər ki, onlarla yadigar saxlamaq üçün bir şəkil çəkdirim. Çünki o zaman həm hörmətimiz var idi, həm də ki, etdiyimiz işlərdən xəbərdar idilər”- deyə Tahir Kərimli Modern.az-a bildirib.
Şəkildə solda uzun saçlı, enerjili təbəssümlə baxan və azərbaycansayağı bığları ilə gülümsəyən isə hazırkı xarici işlər nazirimiz Elmar Məmmədyarovdur. Elmar müəllim o illərdə (1992-95) Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyinin birinci katib olub.
Şəkildə sağdakı gənc hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətində yüksək post tutur. O, ARDNŞ-nin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Elşad Nəsirov 1992-1995-ci illər ərzində Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində çalışıb.
Romantik şüarlar və nikbin arzuların çağladığı 90-lar... Dünyanın bizi qəbul edəcəyinə və halımıza yanacağına səmimi qəlbdən inanırdıq.
Facebook-da paylaş