Orta Dəhliz üzrə Gürcüstana 158,5 milyon avro kredit ayrılır


Gürcüstan və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında ölkəyə təxminən 158,5 milyon avro kredit ayrılmasını nəzərdə tutan saziş imzalanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Sənədi Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və Asiya İnfrastruktur İnvestisiya Bankının Baş İnvestisiya Direktoru Konstantin Limitovski imzalayıblar.

Kredit vəsaiti "TransXəzər Nəqliyyat Dəhlizi – Gürcüstan Əlçatanlığı və Nəqliyyatın Təkmilləşdirilməsi Layihəsi" çərçivəsində Kaxeti istiqamətində yol infrastrukturunun inkişafına yönəldiləcək.

Layihə Badiauridən Çalaubniyə 21,7 kilometrlik, Çalaubnidən Bakurtsixeyə 9,1 kilometrlik dördzolaqlı yol hissələrinin, həmçinin Qurcaanidən Telaviyə 36,6 kilometrlik yol hissəsinin tikintisini nəzərdə tutur.

Layihənin ümumi dəyəri 316,8 milyon avrodur. Bunun 158 milyon avroluq hissəsi artıq Dünya Bankı tərəfindən təsdiqlənib.

Maliyyə Nazirliyinin məlumatına görə, layihə Orta Dəhlizin səmərəliliyinin artırılmasına, Gürcüstanın nəqliyyat infrastrukturunun məhsuldarlığının və dayanıqlığının yüksəldilməsinə, eləcə də ölkənin uzunmüddətli iqtisadi inkişafına töhfə verəcək.

Layihənin icraçı qurumu Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi, həyata keçirən struktur isə Yol Departamentidir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}