Mariam Kvrivişvili: Anakliya limanı Orta Dəhlizin inkişafında strateji rol oynayacaq
Anakliya limanı Orta Dəhlizin inkişafında strateji rol oynayacaq. Şəffaflıq.az xəbər verir ki, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Qazaxıstana rəsmi səfər zamanı Anakliya dərin dəniz limanının Orta Dəhliz üçün strateji əhəmiyyətinin əsas müzakirə mövzularından biri olduğunu bildirib. Gürcüstan Baş naziri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Qazaxıstana səfər edən nazir qeyd edib ki, Astana ilə münasibətlərin daha da möhkəmləndirilməsi Tbilisi üçün strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, səfər çərçivəsində keçirilən yüksək səviyyəli ikitərəfli görüşlərdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də Orta Dəhlizin inkişafı ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. M. Kvrivişvili bildirib ki, danışıqlarda Anakliya dərin dəniz limanının yalnız Gürcüstan üçün deyil, bütövlükdə Orta Dəhliz boyunca yerləşən ölkələr üçün strateji əhəmiyyət daşıdığı xüsusi vurğulanıb. "Anakliya dərin dəniz limanının istifadəyə verilməsi regionumuzun nəqliyyat və logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək, Orta Dəhlizin rəqabət qabiliyyətini artıracaq və yükdaşımaların inkişafına mühüm töhfə verəcək", – nazir qeyd edib.
Facebook-da paylaş








