Azərbaycanın kiber təhlükəsizliyi və beynəlxalq əlaqələr
Müasir dünya inkişaf etdikcə texnologiya sahəsində yeni innovasiyalar da önə çıxmağa başlayıbdır. Bu, hər bir ölkənin milli təhlükəsizliyi baxımından mühüm əhəmiyyət təşkil edir. Xüsusilə kiber təhlükəsizliyi bu sahədə önə çıxıbdır. Belə bir durumu diqqətlə təqib edən Azərbaycan bir dpvlət olaraq, həm daxili, həm də beynəlxalq əlaqələrini bu sahədə prioritetə çevirmək siyasətini yürüdür. Əslində bu sahədə yetişdirilən mütəxəssislər “kiber-ordusuna” qatılaraq virtual aləmdə milli təhlükəsizlik doktrinasını həyata keçirir.
Milli təhlükəsizliyin yeni hədəfləri
2007-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasına nəzər saldıqda aydın görmək olur ki, informasiya təhlükəsizliyi ilə bağlı bənddə kiber təhlükəsizliyin aktuallığı, vacibliyi və strateji əhəmiyyəti nəzərə alınmayıb. Məhz bunun nəticəsidir ki, vaxtaşırı ölkəmizə qarşı Ermənistan və digər düşmən münasibət siyasəti yürüdən ölkələrin haker hücumlarına məruz qalır. Nəticədə dövlət səviyyəsində qarşısını almaq üçün bir tədbir görmək olmur. Hələ, kiber müdafiəmizin zəif olması ilə yanaşı, uğurlu adekvat kiber hücum da təşkil oluna bilmir. Bu prizmadan çıxış edərək İngiltərənin keçmiş Baş Naziri Qordon Brovnun fikirini xatırlatmaq tam yerinə düşərdi. O, deyir ki: “Dövlətlərin böyük gücə sahib olması təkcə, dənizlərə sahib olmaqla ölçülməməlidir, eyni zamanda internet üzərində də hakim olması əsas şərtdir”. Belə ki, hələ, 2008-ci ildə elektron hökumət layihəsinin bitməsi nəzərdə tutulmuşdu. Yaxın tarixdə baş vermiş “Estoniya olayı” və “Gürcüstan savaşı”nı xatırlamaq heç də pis olmazdı, çünki bu olay faktiki elektron hökumət layihəsinin ciddi müdafiə imkanlarına böyük ehtiyyac duyduğunu praktik şəkildə sübut etdi.
Elektron hökumət yaradılacaqsa, öncə onun müdafiə sistemi də ciddi şəkildə təşkil olunması barədə dəqiq düşünülməlidir. Çünki yerləşdiyimiz geoməkan amili mütləq nəzərə alımalıdır. 2008-ci ildə rus-gürcü savaşı zamanı Rusiya xüsusi xidmət orqanlarının haker birlikləri Gürcüstanın bütün xəbər saytlarını, eləcə də “.ge” domenində yerləşən bütün portallarını darmadağın etmişdilər. Bu hücumdan yalnız Estoniya serverlərində yerləşən Gürcüstan Xarici İşlər Nazirliyinin domeni zərər çəkmədi. Çünki, Estoniyada vaxtilə bu mövzuda Rusiyanın dağıdıcı hücumu ilə qarşılaşmışdı. Amma artıq böyük təcrübəyə malik olan Estoniyadan kiber təhlükəsizlik sahəsində Azərbaycan yararlana bilər. Elə ona görə də Azərbaycana internet sisteminin və informasiya infrastrukturlarının kiber hücumlarından müdafiəsi istiqamətində Estoniya və digər bu sahədə zəngin təcrübəsi olan ölkələrlə sıx əməkdaşlıq edir. Estoniya ilə olan razılaşmaya görə, kiber hücumdan müdafiə sisteminin Azərbaycanın “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi”ndə, eləcə də “Müdafiə Nazirliyi”ndə qurulması planlaşdırılmışdır. Nəzər almaq lazımdır ki, biz Rusiya, İran və Ermənistan kiber üçbucağında yerləşirik və informasiya təhlükəsizliyi, o cümlədən kiber hücumdan müdafiə sisteminin güclü formada təşkili mütləqdir. Yaxın tarixdə İran hakerlərinin ölkəmizə məxsus xidmət və strateji əhəmiyyətli 40-a yaxın saytı haqlaması (bir növ açarlamaq, kilidə salmaq, istifadəsiz hala salmaq, mənasına gələn bu feili ilk dəfə ABŞ Dövlət Deportamentində, əsasən Kondaliza Raysın komandasında çalışmış, kiber təhlükəsizlik və terror üzrə bir nömrəli mütəxəssis Ricard Klarka məxsusdur) hər kəsə məlumdur. Eləcə də Ermənistanın vaxtaşırı etdiyi haker hücumlarını da bura əlavə etsək, Azərbaycanın konkret kiber təhtidlə üzbəüz qaldığını demək olar. Dönə-dönə vurğulamaq lazımdır ki, bu tip kiber hücumlar elektron hökumət qurmağa can atan Azərbaycan kimi gənc bir dövlət üçün böyük bir təhlükədir.
Ehtiyatlı taktika və texnologiyaların təhlükəsizlik hədəfləri
Rusiya Azərbaycana qarşı hər hansısa nərəzə çarpacaq kiber hücumda iştirak etməyib. Amma heç bir beynəlxalq hüquq prinsipi və siyasi situasiya buna qarant vermir. ABŞ Hərbi Dəniz Donanmasının vitse-admiralı Maykl Rocers bildirir ki: “Ukrayna hazırda kiber hücumların əsas hədəfindədir və gələcəkdə İnternet-savaşı əsas aparıcı element olacaq”. O da bəllidir ki, NATO Azərbaycan, Ermənistan və Moldovanın alyansın smart-müdafiə layihələrində iştirakını həvəsləndirməyə çalışır. Bu sahədə Azərbaycanla kiber və energetika təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndiriləcəyi açıqlanmışdır. Diqqəti çəkən nüanslardan biri də qonşu İranın Azərbaycan üzərindən bir sıra ölkələrə kiber hücumlar reallaşdırmasıdır. ABŞ-ın “The Guardian” və “İnternational Business Times” qəzetləri yazırdı ki: “Birləşmiş Ştatlar İranın hazırlamış olduğu casus virusunun mərkəzi Azərbaycan olduğunu qeyd edir. Yəni virusun Azərbaycan üzərindən koridor tək yayımlandığına diqqət çəkilir”.
İrana məxsus casus proqramı Azərbaycan üzərindən ABŞ, İsrail və Şərqdə bir sıra dövlətlərin enerji resurslarına böyük miqyaslı ziyan vurub və İsrail bu virusdan böyük zərər çəkib. 2011-ci ildə aktivləşərək mütəmadi olaraq 8 ay ərzində fəaliyyədə olan iiber virus İsrail, İraq, Hindistan və digər ölkələrin xarici konsulluqlarını, ABŞ-da yerləşən beyin mərkəzlərini həfə alıb. Casus proqramının müdaxiləsi zamanı bir çox gizli dosyalar ələ keçirilib. Əbəs yerə deyilməyib ki, 3-cü dünya müharibəsi kiber müharibə olacaq. İsrailin baş naziri Benyamin Netanyahunun kiber təhlükəsizlik üzrə bir nömrəli mütəxəsissi İsaak Ben qeyd edir ki: “Kiber savaş böyük bir gücə sahibdir və bir ölkəyə zərbə vurmaq istəyirsinizsə, həmin ölkənin su və enerji mənbələrinə qarşı kiber hücumlar təşkil edin. Kiber texnologiya bunu bir güllə belə istifadə etmədən reallaşdırmaq gücünə sahibdir”.
NATO rəsmilərindən biri R.Hugers yazır ki: “Yaxın gələcəkdə baş verə biləcək böyük bir müharibənin ilk gülləsi internetdə atılacaq”. Kiber savaş dedikdə iqtisadi ziyan vurma və ya müdafiə pərdəsini dağıtmaq mexanizmi olaraq, düşmənin kompüter şəbəkəsini, gizlilik imkanlarını yararsız hala salınması anlaşılır. Kiber savaş zamanı düşmən qarışıq yollardan yararlanaraq zərbə endirir. Üstəlik heç bir iz də buraxmır. Hərbi texnologiyanın internetə bağlılığı sürətlə artır. Modern silahlar, düşmən yerini bildirən komplekslər və məxfi xəbər ötürmə sistemləri internetlə idarə olunur. Kiber müharibə terminini ilk dəfə 1976-cı ildə Pentaqon rəsmisi Andrev Marşal tərəfindən leksikona gətirilib. Kiber təhlükəsizliyinin pozulması məlumatların kənar müdaxilə nəticəsində ələ keçirilməsi, məxfiliyin pozulması, casus virusların vurduğu zərər, internetdə aparılan əks-təbliğat kimi anlaşılır. Hətta, Çinin “2050-ci il elektron hakimiyyət” doktrinasında düşmənin elektron imkanlarını darmadağın etmək planını qanuniləşdirərək gizli 80 minlik kiber ordu formalaşdırıb. Qlobal informasiya əsrində kiber döyüş meydanı sürətli nüvə silahlanması ilə müqayisədə qat-qat artıq dərəcədə xaotik ola bilər. Maraqlıdır ki, ABŞ dövlət departamenti Çinin “Lenovo” şirkətinin kompüter və proqram təminatını almaqdan məhz təhlükəsizlik nəzərindən imtina edib. Test yoxlamaları kompüter vasitəsilə məlumatların sızmasının mümkünlüyünü aşkarlayıb. Həm də həmin şirkətin Çinin dövlət qurumları və müdafiə nazirliyi ilə əlaqələrin olduğu söylənməkdədir. Azərbaycanın kompüter bazarında kifayət qədər “Lenovo” markalı kompüter satılır. Bəlkə də bir çox dövlət qurumlarında “Lenova” markalı kompüterlərində müəyyən işlərdə istifadə olunur. Ölkəyə çox asanlıqla giriş tapan bu kompüterlər, şəksiz, milli təhlükəsizliyə nə vaxtsa, problem yaradacaq. Azərbaycanda kiber təhlükəsizliyə birbaşa cavabdeh olan qapalı qurumun yaradılması çox yaxşı olardı.
Ölkəmizin təhlükəsizlik problemlərinin həlli yolları
Həmin qurum iki nazirliyə tabe ola bilər: Dövlət Təhlükəsizlik Xidməti və ya Müdafiə Nazirliyinə. Çünki təhdidlərin 80 faizi daxildən, 20 faizi isə xaricdən gəlir. Belə qurumun olması həm düşmən ölkədən, həm də regional təhlükəsizlik prizmasından müəyyən ölçüdə sığortalanmaq deməkdir. Belə olarsa, düşmənin kiber hücum və anti-Azərbaycan təbliğatı iflasa uğrayar.
Nəzərə alasaq ki, son illərdə sosial şəbəkə və veb-məkanda anti-Azərbaycan informasiya müharibəsi gedir, eləcə də ölkəmizə qarşı internetdə geniş miqyaslı qarayaxma kampaniyasını reallaşdıran bir sıra qrumlar var. Təbii ki, bütün bunlara layiqli cavab verilməsi üçün mütləq şəkildə ayrıca kiber təhlükəsizliyə çox ciddi yanaşılmalıdır.
Azərbaycanın üzləşdiyi kiber təhlükəni dövlətlərə görə, belə sıralamaq olar: Ermənistan – aşkar düşmən (dövlətin himayəsində kiber qruplar var)
Rusiya – potensial düşmən (ən güclü)
İran – gizli düşmən (kamuflyaj olunmuş)
Çin – görünməyən düşmən (fərqində olmadığımız, tanımadığımız).
Azərbaycanın kiber təhlükəsiz sahəsində zəif olduğu amilləri belə sıralamaq olar:
1) Üç kiber orduya sahib dövlətin əhatəsində olmaq, geokiber coğrafi zolaq amili, ən əsası isə nə hücum, nə də müdafiə məqsədli kiber ordunun, güclü kiber müdafiə səddinin olmaması,
2) Əksər dövlət və strateji əhəmiyyətli saytlarımızın serverlərinin xaricidə olması, eləcə də onların zəif müdafiə olunması,
3) Kiber təhlükəsizliyə aid konsepsiyanın, xüsusən, doktrinanın və buna cavabdeh konkret mərkəzin olmaması Azərbaycanın enerji diplomatiyasının kiber təhdidlə üzləşməsi riski də böyükdür.
Sübut olaraq rus-gürcü savaşı zamanı “Bakı-Tiflis-Ceyhan” kəmərinə olan kiber hücumu misal göstərmək olar. Rusiya 2008-ci ildən başlayaraq, neft-qaz kəmərlərinə qarşı bir neçə dəfə kiber hücumlar da təşkil edib.
Yaxın illərdə “BTC”-nin Gürcüstan hissəsində kiber müdaxilə nəticəsində problem yarandığı açıqlandı və məlum oldu ki, rus hakerlər kəmərin işini idarə edən kompüter sistemini sıradan çıxarıblar. Kiber təhdiddən az da olsa, qorunmağın yollarından biri də elektron hökumətin təhlükəsizliyinin birə on artırılmasıdır. Belə halda az zərər görmüş olarıq, çünki bazada olan məxfi sənədlərin oğurlanma riski azalar. Azərbaycan “MDB” məkanında "Elektron hökumət" layihəsi üzərində ciddi çalışan 4-cü əsas ölkədir. Təzəcə internet məkanımızın çöküşü ilə müşahidə olunan xoşagəlməz hal onu bir daha sübut etdi ki, kiber təhlükəsizlik, ələlxüsus, informasiya təhlükəsizliyi sahəsində olduqca mühüm işlər görülməlidir. Deməli kiber ordunun və qapalı qurumun yaradılması labüddür.
Şəffaflıq.az
Facebook-da paylaş