Davos Forumu strateji dialoq platforması və Azərbaycan reallıqları

 

Davos Dünya İqtisadi Forumu qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün strateji platforma hesab olunur. Bunun əsas səbəbi iqtisadi və siyasi sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq və regional səviyyəli təşkilatların rəhbərləri ilə interaktiv dialoqların və qeyri-rəsmi danışıqlar üçün əlverişli mühitin təşkil olunmasıdır. Forum müxtəlif transmilli media qurumları tərəfindən birbaşa nümayiş etdirilir. Forum müddətində transmilli korporasiyaların rəhbərləri ilə dialoqların qurulması və müxtəlif ölkələrin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi üçün əlverişli imkanlar yaradılır.

Beynəlxalq birliyin tərkib hissəsi olmaq dövlətin gücünü artırır

İsveçrədə keçirilən 50-ci Davos Dünya İqtisadi Forumu dünyanın diqqət mərkəzində oldu. Dünyanın 100-dən çox ölkəsinin dövlət və hökumət rəhbərlərinin dəvət olunduğu beynəlxalq tədbirdə 1000-dən artıq qlobal şirkətin rəhbər şəxsləri, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, aparıcı media şirkətlərinin nümayəndələri də iştirak ediblər. “Qloballaşma 4.0: 4-cü Sənaye İnqilabı dövründə yeni arxitekturanın yaradılması“ devizi altında keçirilən builki Forumda qloballaşan müasir dünyanın əsas problemləri müzakirə predmetinə çevrilib. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.

Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya edir, ölkəmizin təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən qlobal xarakterli transmilli layihələrin əhəmiyyəti və nəticələri beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Respublikamız ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla davam etdirir, yeni əməkdaşlıq platformaları yaratmaqla regional və beynəlxalq işbirliyinə, təhlükəsizliyə müstəsna töhfələr verir. Bununla yanaşı, ayrı-ayrı beynəlxalq qurumlarda təmsil olunan Azərbaycan dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsi üçün strateji platforma olan Davos İqtisadi Forumunda da iştirak edir. Azərbaycanın bu mötəbər tədbirdə hər il iştirakı dövlətimizin böyük nüfuz sahibi olmasının göstəricisidir.

O da bir faktdır ki, bu beynəlxalq Forumda Azərbaycan ən yüksək səviyyədə və müvəffəqiyyətlə təmsil olunur. Yəni ölkəmizin bu platformada da nüfuzu olduqca yüksəkdir. Məhz Dünya İqtisadi Forumunun 2013-cü il aprelin 7-8-də Bakıda keçirilməsi bunun bariz nümunələrindən biridir. Bəllidir ki, Forum Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq adı altında baş tutmuşdu, dünyanın diqqət mərkəzində olan, strateji əhəmiyyətli Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun iqtisadi inkişafı, bölgədəki iqtisadi vəziyyətin dünyanın digər regionlarına təsiri, gələcək perspektivlər və digər məsələlər müzakirə olunmuşdu. Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi bir tərəfdən Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, digər tərəfdən isə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində əldə olunan uğurlara verilən yüksək qiymətin ifadəsidir.

Dünyanın iqtisadi və social mənzərəsində yer alan hədəflər

Azərbaycanın Dünya İqtisadi Forumunda uğurla təmsil olunması ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası, beynəlxalq iqtisadi və siyasi əlaqələrinin genişləndirilməsi baxımından xüsusi önəm kəsb edir. Azərbaycanın bir dövlət olaraq  həm ölkəmiz, həm də region və dünya üçün müstəsna əhəmiyyətə malik olan çox mühüm məsələlərlə bağlı addımlar atması iqtisadi inkişafı, beynəlxalq nüfuzu və ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi islahatların əhəmiyyəti diqqətə çatdırılıb. Bütün bunlar Forum iştirakçılarında Azərbaycan iqtisadiyyatı və ölkəmizin iqtisadi siyasəti barədə real təsəvvür yaratmaqla əməkdaşlıq üçün yeni perspektivlərin açılacağından xəbər verir.

Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı və təmsil olunması böyük maraq doğurur. Mütəxəssislər Azərbaycanın dövlət başçısının təhlillərinə və irəli sürdüyü fikirlərə ciddi diqqət yetirirlər, dövlət başçısının səsləndirdiyi fikirlər beynəlxalq mətbuatın diqqət mərkəzində olur. Prezident İlham Əliyevin builki Forumda səsləndirdiyi fikirlər də olduqca böyük diqqət və marağa səbəb olub. Azərbaycanın  Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması ilə bizi Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır. Azərbaycanın əlverişli coğrafi mövqeyi respublikamızın istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Azərbaycan həm daxili ictimai-siyasi sabitlik amilinə və iqtisadi potensialına, həm də quru və su sərhədlərinə malik olmasına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini daim inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizdən keçir. O da qeyd edilməlidir ki, ölkəmizdə avtomobil və dəmir yollarının, beynəlxalq hava və dəniz limanlarının inkişafına çox böyük investisiyalar qoyulur. Bütün bunların hamısı gələcəyə hesablanan və perspektivdə Azərbaycandan daha çox tranzit yüklərin keçməsi üçün atılan strateji əhəmiyyətli addımlardır. Ölkəmiz tərəfindən logistika və ticarətin inkişafı istiqamətində görülən işlər, Azərbaycanın tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirilən dövlət siyasəti və qlobal miqyaslı təşəbbüslər ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verir. Bütün bunlar Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirir.

Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələr başa çatıb və ölkəmiz real gəlirlər gətirməyə başlayıb. Bunlar, ilk növbədə, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində onun mühüm seqmenti olan TANAP-ın tikilib başa çatdırılması, eyni zamanda, ölkəmizin xaricdə ən böyük investisiyası hesab edilən “Star” neft emalı zavodunun açılışı olub. Bu layihələrin reallaşdırılması təkcə Azərbaycan üçün deyil, digər tərəfdaş ölkələr üçün də mühüm hadisəyə çevrilib, Avropanın enerji təhlükəsizliyi üçün mühüm alternativ kimi özünü təsdiq edib, eyni zamanda, Azərbaycan-Qərb münasibətlərində yeni etibarlı iqtisadi körpü rolunu oynamağa başlayıb. Bu, Türkiyə-Azərbaycan strateji müttəfiqliyini iqtisadi müstəvidə daha da dərinləşdirməklə hər iki tərəfin gücünü və nüfuzunu bir qədər də artırıb.

Üfüqdə görünən strateji hədəflərin uğur paketi

Müasir beynəlxalq münasibətlər sistemində milli maraqların təmin olunması hər bir ölkənin və onun liderinin qarşısında duran əsas vəzifələrdən biridir. Milli maraqların təmin olunması, heç şübhəsiz ki, intensiv dialoq və fəal diplomatik münasibətlərdən keçir. Bu mənada, Azərbaycanın çevik, çoxvektorlu, tarazlaşdırılmış və praqmatik xarici siyasəti həm ölkəmizin dünyaya inteqrasiyasını təmin edir, həm də milli maraqların təmin olunmasına xidmət göstərir. Azərbaycanın həyata keçirdiyi fəal tərəfdaşlıq və əməkdaşlıq diplomatiyası yeni perspektivlər müəyyənləşdirməklə bərabər, eyni zamanda, ölkəmizin dünya iqtisadiyyatına uğurla inteqrasiya etməsinə və beynəlxalq siyasi proseslərdə söz sahibi olan dövlətlərdən birinə çevrilməsinə xidmət edir. Azərbaycanın xarici siyasət kursunun başlıca səciyyəvi xüsusiyyəti onun müstəqil olmasıdır. Ölkəmizin milli maraqların qorunmasına xidmət edən xarici siyasət kursu sırf müstəqillik prinsipinə əsaslanır.

Azərbaycanın xarici siyasətinin ən mühüm strateji prioriteti Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Bunun üçün Azərbaycan ötən illər ərzində mühüm, dərin strateji diplomatiya siyasəti həyata keçirməklə, ilk növbədə, problemin həlli ilə bağlı yeni şərtlər formalaşdırmağa nail olub. Bu şərtlərin formalaşdırılması mühüm strateji istiqamətlər üzrə müəyyən edilmiş ardıcıl və məqsədyönlü siyasət sayəsində mümkün olub. İlk növbədə, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, regional və beynəlxalq təşkilatlarla ölkəmizin bərabərhüquqlu tərəfdaşlığa nail olması, ikincisi isə, regionda ermənilərlə ənənəvi əlaqələri olan və daha çox Ermənistanın tərəfdaşı kimi tanınan ölkələri öz tərəfdaşına çevirməsi siyasəti həyata keçirilib. Hazırda Ermənistan həm regionda, həm də beynəlxalq aləmdə Azərbaycanın nüfuzu qarşısında küncə sıxışdırılmış vəziyyətə düşüb, ənənəvi müttəfiqlərini də itirib.

Azərbaycan işğalçı Ermənistana qarşı təcrid siyasətini uğurla davam etdirib və işğal faktı davam etdikcə həmin siyasəti davam etdirilməsi, yeni reallıq və Ermənistanın bu cür küncə sıxışdırılması onun öz ənənəvi müttəfiqləri ilə münasibətlərinin korlanmasına gətirib çıxarıb. Bu reallıqlar ölkəmizin lehinədir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində yeni perspektivlər yaradır. Davosda dövlətimizin rəsmilərinin keçirdikləri çoxtərəfli görüşlər isə bir qədər daha fərqli formada vasitəçilərin iştirakı olmadan baş tutub. Bu, özlüyündə müsbət hal olmaqla ilk dəfədir ki, baş verir. BMT Baş katibi və Avropa İttifaqının bəyanatla çıxış edərək danışıqları müsbət qiymətləndirməsi özlüyündə yeni dinamikadır və müəyyən ümidlər yaradır. Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq problemin həllini zəruri edir və bu, Ermənistanda da dərk edilən reallığa çevrilməkdədir. Ona görə də əgər fövqəladə bir hadisə baş verməsə, 2020-ci ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində intensiv və nəticəyə yönəlik danışıqlar prosesinin davam etdiriləcəyini müşahidə edə bilərik. Azərbaycanın prinsipial mövqeyi qəbul edilir və danışıqlar prosesi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı çərçivəsində aparılır.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}