Restoranların yeni fırıldağı: Şişirdilmiş menyular, “sürpriz” hesablar, pozulan hüquqlar...
Azərbaycanda bəzi restoran sahibləri əcnəbi müştərilər üçün əlavə menyular hazırlayır. Bu məsələ müxtəlif sferalarda dəfələrlə müzakirə mövzusu olur. Sahibkarlar bir çox hallarda nəinki əcnəbi müştərilərin, eləcə də yerli vətəndaşların da “cibinə girməyə” çalışırlar.
Şəffaflıq.az oxu.az-a istinadən xəbər verir ki, sözügedən problemlə qarşılaşan bir neçə müştəri sosial şəbəkədə bu məsələ ilə bağlı paylaşım edib. Təəssüf ki, bu kimi faktlar müxtəlif restoranlarda indi də baş verir.
Görünən odur ki, restoranlar əlavə qazanc əldə etmək üçün yeni fırıldaqlara əl atırlar. Xüsusilə də şəhərin mərkəzində fəaliyyət göstərən bəzi restoranlar belə “xidmət”lə ad çıxarıb.
Müştərilər şikayət edirlər ki, restoranlar onların seçmədiyi əlavə xidmətlərə görə ödəniş tələb edirlər. Məsələn, sifariş götürərkən müştəriyə təklif etmədən menyuya əlavələr edib, yekunda müştəriyə “sürpriz” hesab təqdim edilir. Bəzi hallarda isə müştəridən canlı musiqinin hesabını da ödəməsi tələb edilir. Bu isə bir çox hallarda mübahisəyə səbəb olur.
İstehlakçıların hüquqları nə üçün pozulur? Müştəri öz cibinə uyğun sifariş verdiyi halda niyə iki və ya üç dəfə artıq pul ödəməlidir? Çıxış yolu həmin restoranları boykot etməkdir, yoxsa?
Məsələ ilə bağlı Oxu.Az-ın suallarını Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov cavablandırıb.
O bildirib ki, AİB-ə məsələ ilə bağlı kifayət qədər şikayətlər daxil olur:
“Təəssüf ki, bu problem nəinki turistləri, yerli camaatı da narahat edir. Sahibkarlar başa düşmürlər ki, bu birinci növbədə turizm sektoruna zərbədir. Problem xüsusilə bulvarda fəaliyyət göstərən restoranlarda müşahidə edilir. Aparılan monitorinqlər, ictimai qınaq müəyyən qədər bu problemlərin aradan qaldırılmasına kömək etsə də, paytaxtın mərkəzində fəaliyyət göstərən restoranların 60 faizində hələ də eyni problem qalır”.
O qeyd edib ki, Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən restoranlardan da bu məsələ ilə bağlı şikayətlər gəlib:
“Vətəndaş şişirdilmiş qiymətlərdən narazılıq edir. Sifariş edilən çayın yanında verilən istənilən təam barədə müştəriyə sual verilməlidir. Təbii ki, əgər bu, menyuda qeyd edilən çayın qiymətinə daxil deyilsə. Nazirlər Kabineti istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində müvafiq qanun layihəsi hazırlamadığı üçün bu problemlə qarşılaşan şəxslər kimə şikayət edəcəklərini bilmirlər.
Təsəsvvür edin ki, restoran sahibləri o qədər harınlayıb ki, dəniz mənzərəsində içildikdə adi çayın qiyməti 20 manat olur, künc masalarda içildikdə isə bir az ucuz təklif olunur. Restoran var ki, müştərinin görünüşünə baxır, xoşu gəlirsə içəri buraxır, əks təqdirdə “yer yoxdur” deyərək içəri buraxmır. Yaxud yanında xanım olmadan bəzi restoranlara girişi qadağan ediblər. Bu hansı qanunda yazılıb? Bunlar istehlakçının hüququnun pozulmasıdır. Bu problemin qarşısının alınması üçün tədbir görülməsə, vətəndaşların hüquqları pozulmağa davam edəcək. Bu gün onların başına gələn haqsızlıq, sabah sizin və bizim də başımıza gələ bilər”.
Facebook-da paylaş