Yağ və başqa ərzaq məhsulları bahalaşır – Ekspertlər səbəbləri açıqlayır

 

2020-ci il başlanandan bəri bəzi ərzaq mallarının qiymətlərində bahalaşma hiss edilir. Xüsusilə, bəzi markalı yağlarda 10 faizə yaxın qiymət artımı müşahidə edilir. Mərcimək və bir sıra başqa məhsullarda isə daha çox bahalaşma olduğu bildirilir. 

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov azadliq.org-a deyib ki, araşdırmalarına görə, son vaxtlar həm kərə yağının istehsalında, həm də idxalında azalma var: «Bu da onunla bağlı idi ki, ölkə əhalisinin alıcılıq qabiliyyəti aşağı düşmüşdü. Həm də ölkəyə gətirilən kərə yağının qiyməti baha olduğu üçün artıq kərə yağından istifadə edənlər, demək olar ki, digər məhsullara üstünlük verməyə başlamışdılar. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə ölkədə 52.6 min ton kərə yağı ehtiyatı var idisə, 2018-ci ildə bu, 35.3 min tona qədər azalmışdı. Bu, 20 min tona qədər azalma deməkdir və Azərbaycan kimi ölkə üçün böyük rəqəmdir».

V.Məhərrəmov əlavə edib ki, 2019-cu ilin sonlarına yaxın minimum əməkhaqqının, minimum pensiyanın, müəyyən sahələrdə maaşların artması ilə dövriyyədə pul kütləsi nisbətən çoxalıb və bu da istehlaka təsir edib. Ekspertin sözlərinə görə, bu, özünü Yeni il bayramında da göstərib.

V.Məhərrəmovun bildirməsinə görə, məhsulun təklifi tələbə uyğun olmalıdır, son vaxtlar təklif də azalmışdı, tələbat da: «İndi isə tələbat artır, amma təklif dəyişmir, çünki bu məhsullar idxal edilir. Odur ki, təklifin artması bazarda qiymət bahalığı yaradır. İndi, əlbəttə, bu məhsulu idxal edənlər daha çox kərə yağı və digər məhsullar idxalına çalışacaqlar. Amma qiymətin əvvəlki həddə qədər düşəcəyinə inanmıram, nisbətən enməsi ola bilər. Bu da onunla bağlıdır ki, bu məhsulun son vaxtlar istehlakı kəskin azalmışdı. İndi alıcılıq qabiliyyəti nisbətən artıb, bu da o deməkdir ki, tələbat artıb».

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc isə deyib ki, ərzaq mallarının qiymətlərinin müəyyən faiz bahalaşması hər zaman müxtəlif amillərlə bağlı olur: «Bu, bəzən mövsümlə, bayramla, bəzi hallarda isə məhsulun daxili istehsalda kəmiyyət göstəricisinin aşağı düşməsi və idxalla bağlı olur».

Mərkəz rəhbəri əlavə edib ki, bu problemi aradan qaldırmaq olar, kənd təsərrüfatı sahəsində atılan addımlar düzgün qurulsa, bu yetərlidir. Onun vurğulamasına görə, hazırda kənd təsərrüfatı üzrə göstəricilər əvvəlki illərlə müqayisədə dəfələrlə yaxşıdır: «Odur ki, belə halda bahalaşma üçün hazırda xüsusi iqtisadi səbəbi görmək mümkün deyil. Hökumətin bilavasitə maliyyə qurumları bu yöndə addımlar ata, əllərindəki çevik maliyyə rıçaqları ilə prosesləri tənzimləyə bilərlər».

Z.Oruc vurğulayıb ki, bahalaşma heç bir halda yaxşı hadisə sayıla bilməz: «Hesab edirəm ki, qeyd edilən məhsullar monitorinq edilə və lazımı qərarlar alına bilər».

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}