MÜXALİFƏT SEÇKİNİN NƏTİCƏSİNİ TANIMADI - 5 partiya birgə bəyanat qəbul etdi
Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edən müxalifət partiyaları seçkinin nəticəsini tanımayıb. 5 partiyanın bununla bağlı Şəffaflıq.az-a daxil olan birgə bəyanatını olduğu kimi təqdim edirik:
Aşağıda imza edən siyasi partiyalar 09 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilərinin total şəkildə saxtalaşdırıldığını, icra hakimiyyəti orqanlarının seçkilərə müdaxilə etdiyini, ənənəvi seçki saxtakarlığı əməlləri – karusel, seçki qutularının dəyişdirilməsi, səslərin qeyri-şəffaf sayılması, seçki sənədlərinin, o cümlədən bülletenlərin saxlanma qaydalarının pozulması, hakimiyyətin müdafiə etdiyi namizədlərin lehinə əvvəlcədən hazırlanmış bülletenlərin səsvermə günü qutudan çıxan bülletenlərə əlavə edilməsi, səslərin sayılmasından sonra protokolların namizədlərin müşahidəçilərinə və vəkillərinə verilməsindən imtina edilməsi, səsvermə zamanı seçicilərin iradəsinə təsir edilməsi, aidiyyatı dairə üzrə qeydiyyatda olmayan vətəndaşların səsverməyə buraxılması, seçicilərə bildirişlərin göndərilməməsi və s. qanun pozuntuları ilə həyata keçirildiyini bəyan edir.
Bu seçkilərin nəticələrinin xalqın iradəsini əks etdirməməsini, seçkilərin siyasi güclərin və xalqın gözləntilərinə adekvat olmamasını, ölkədə vətəndaş həmrəyliyinə ciddi zərbə vurduğunu, ictimai gərginliyi bir daha artırdığını, xalqın dövlətin seçki sisteminə olan etibarını sarsıtdığını, hakimiyyətin seçki yolu ilə dəyişdirilməsi və formalaşdırılması ümidlərini boşa çıxardığını, dinc və qanuni yolla siyasi mübarizə perspektivini ciddi şübhə altına aldığını, seçkilərin azad, ədalətli və demokratik qaydada keçiriləcəyi ilə bağlı seçki öncəsi ölkə prezidentinin cəmiyyət qarşısında götürdüyü öhdəliyə və beynəlxalq ictimaiyyətə ünvanladığı bəyanata zidd olduğunu nəzərə alaraq seçkilərin nəticələrinin ləğv edilməsini və təkrar seçkilər keçirilməsini Azərbaycan hakimiyyətindən tələb edir.
1. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu
(15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd)
2. Vətəndaş və İnkişaf Partiyasının sədri - Əli Əliyev
(17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd)
3. Ümid Partiyasının sədri - İqbal Ağa-zadə
(35 saylı Xətai Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd)
4. Böyük Azərbaycan Partiyasının sədri - Elşad Musayev
(09 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd)
5. AĞ Partiyasının sədri - Tural Abbaslı
(21 saylı Nəsimi birinci seçki dairəsindən deputatlığa namizəd)
Facebook-da paylaş