ABA: Azərbaycanda sistem əhəmiyyətli banklar strategiyalarını yenidən nəzərdən keçirməlidir - MÜSAHİBƏ
Azərbaycan bank sektorunda maliyyə dayanıqlığının möhkəmləndirilməsi istiqamətində likvidlik idarəetməsi üzrə yeni mərhələyə start verilib. Mərkəzi Bank tərəfindən qəbul edilən tənzimləmələr çərçivəsində milli valyutada likvidlik əmsalının (LCR) mərhələli şəkildə tətbiqi, yüksək keyfiyyətli likvid aktivlərin əhatə dairəsinin genişləndirilməsi və valyuta balanslarının optimallaşdırılması nəzərdə tutulur. Yeni tələblər həm maliyyə sabitliyinin gücləndirilməsinə, həm də sektorun daha çevik və şəffaf idarə olunmasına yönəlib. Bu çərçivədə sistem əhəmiyyətli və digər banklar üçün fərqli keçid dövrləri müəyyən edilib. Eyni zamanda, gündəlik monitorinq imkanlarının təkmilləşdirilməsi, risklərin qiymətləndirilməsi və rəqəmsal alətlərdən istifadənin genişləndirilməsi də bank sektorunun qarşısında duran əsas hədəflərdəndir. Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ekspert Qrupunun üzvü Məmməd Həsənov müsahibəsində yeni qaydaların əhəmiyyəti, tətbiq mexanizmləri, bankların hazırkı vəziyyəti və gözlənilən nəticələr barədə ətraflı danışıb. - Yeni tənzimləmələr çərçivəsində milli valyutada LCR əmsalının mərhələli artırılması bankların kreditvermə imkanlarına necə təsir göstərəcək? Bu, real sektorun maliyyələşməsində çətinlik yarada bilərmi? - Milli valyutada LCR əmsalının mərhələli şəkildə tətbiqi beynəlxalq təcrübəyə uyğundur ki, bu da banklara zaman verir ki, öz biznes modelini likvidlik vəziyyətinə və maliyyələşmə çərçivəsinə uyğunlaşdırsın. Bu xüsusda, bankların uzunmüddətli dövrdə likvidlik tələbini indidən planlaması onların kredit verilişlərinə mənfi təsirini minimallaşdırmaqla yanaşı potensial likvidlik qaçışlarına qaşrı dayanıqlığını artıracaq. - Yüksək keyfiyyətli likvid aktivlərin siyahısının genişləndirilməsi bankların ümumi likvidlik idarəetməsinə hansı əlavə üstünlüklər gətirəcək? Bank sektoru bunu praktikada necə tətbiq etməyə hazırdır? - Bildiyimiz kimi likvidlik qaydalarında edilən dəyişikliyə əsasən banklar arası overnayt əməliyyatları, Mərkəzi Banka olan 30 günlük yerləşdirmələr, habelə bank metalları yüksək keyfiyyətli aktiv kateqoriyasına daxil edilmişdir ki, bu da banklara likvid aktiv siyahısını genişləndirməyə, onları daha səmərəli idarəetməyə xidmət edir. Belə ki, sözügedən vəsaitlərin, xüsusən overnayt depozitlərin yüksək keyfiyyətli aktiv kimi təsnifləşdirilməsi banklararası əməliyyatların genişləndirməsinə və kiçik bankların qısamüddətli maliyyə əlçatanlığını artırmağa töhvə verəcəkdir. Bankların hazırda da, banlararası əməliyyatlar apardığını nəzərə alaraq sözügedən dəyişikliyin praktiki tətbiq zamanı əlavə çətinlik yaratmayacaq. - Milli və xarici valyutalar üzrə likvidlik mövqelərinin bölgüsünün optimallaşdırılması gözlənilir. Bankların hazırkı strukturunda buna uyğunlaşma üçün hansı əsas çağırışlar mövcuddur? - Azərbaycan banklarının milli və xarici valyutalar üzrə likvidlik mövqelərinin optimallaşdırılması müasir likvidlik idarəetməsində vacib istiqamətlərdən biridir. Amma hazırkı bank strukturu və bazar şəraiti nəzərə alınanda, buna uyğunlaşmaq bir neçə əsas çağırışla əlaqədar ola bilər. Bunlar, bankların balanslarında valyuta uyğunluğunu artırmaq, xarici valyutada riskləri azaltmaq üçün effektiv risk idarəetmə mexanizmlərinin qurulması; milli valyutada likvid aktivlərin artırılması və maliyyələşmə mənbələrini və faiz xərclərini buna uyğunlaşdırılması; artıq xarici valyutada likvidlik mövqelərinin idarə olunması üçün limitin yerli valyutada olan limitlə əvəzləşdirilməsi, bankların özlərinin xarici valyutada likvidliyini idarə etməyə imkan verən mexanizmlərin inkişaf etdirilməsi kimi çağırışlardır. Şəffaflıq.az
Facebook-da paylaş
