Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır – MÜSAHİBƏ


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Report”a müsahibəsində ötən il beynəlxalq qurumlarla əməkdaşlıq, eləcə də, bu il nəzərdə tutulan hədəflər barədə danışıb. Müsahibədə işğaldan azad edilmiş ərazilərdə erməni hərbi birləşmələri tərəfindən törədilən vandalizm aktları ilə bağlı beynəlxalq təşkilatlar və ictimaiyyət qarşısında qaldırılmalı məqamlara da toxunulub:

- Ombudsman olaraq beynəlxalq qurumlarla əməkdaşlığa önəm verirsiniz. 2024-cü ildə bu istiqamətdə fəaliyyətinizə ümumi nəzər salmaq istərdik, eləcə də 2025-ci ildə beynəlxalq fəaliyyət və əməkdaşlıqla əlaqədar hədəfləriniz nələrdir?

- İlk olaraq qeyd etmək istərdim ki, Ombudsman beynəlxalq qurumlarla, eləcə də xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə əməkdaşlığa xüsusi diqqət göstərir və bu istiqamətdə fəaliyyət ötən ildə də uğurla davam etdirilib.

İqlim dəyişikliyi və insan hüquqları məsələləri Ombudsmanın diqqət mərkəzində olub. Bu istiqamətdə 2024-cü il 2 oktyabr tarixində Ombudsman təsisatının təşəbbüsü ilə 30-dan çox ölkədən 200-dən çox nümayəndənin iştirakı ilə Ombudsmanların Beynəlxalq Bakı Forumu keçirilib. Forumda iqlim ədaləti, korporativ məsuliyyət, informasiya əlçatanlığı və ətraf mühitə dair insan hüquqları məsələləri müzakirə olunub.

Yekunda milli insan hüquqları institutlarının iqlim dəyişikliyi ilə bağlı məsələlərdə rolunun gücləndirilməsinə dair Bakı Bəyannaməsi qəbul edilib. Bundan əlavə, COP29 çərçivəsində Ombudsman təsisatının təşəbbüsü ilə insan hüquqları və iqlim ədaləti mövzusunda müzakirələr təşkil edilib.

Ombudsman Avropa Uşaq Ombudsmanları Şəbəkəsi və Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsi ilə əməkdaşlığı davam etdirib, qanunun aliliyi, uşaq hüquqları və insan hüquqlarının digər sahələri üzrə müzakirələrdə və layihələrdə fəal iştirak edib. Eyni zamanda, Ombudsman İslam Əməkdaşlıq Təşkilatının insan hüquqları ilə bağlı tədbirlərində çıxış edərək Ermənistanın ekoloji və humanitar cinayətlərinə dair faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb, bu məsələlərə dair qlobal səviyyədə geniş müzakirələrin aparılması və beynəlxalq dəstəyin artırılması üçün çağırış edib.

Digər sualınıza gəldikdə isə bildirmək istəyirəm ki, 2025-ci ildə insan hüquq və azadlıqlarının müdafiəsini daha da gücləndirmək və dayanıqlı inkişafı dəstəkləmək məqsədilə beynəlxalq əməkdaşlığımızı genişləndirməyə davam edəcəyik. Bu istiqamətdə digər ölkələrlə müsbət təcrübə mübadiləsi aparmaq və ombudsman təsisatları, milli insan hüquqları institutları ilə əlaqələri möhkəmləndirmək əsas prioritetlərimizdən biridir.

Ötən illərdə olduğu kimi, bu il ərzində də bir neçə qurumla anlaşma memorandumunun imzalanması planlaşdırılır. Həmçinin, bir sıra Ombudsman təsisatı ilə qarşılıqlı təcrübə səfərlərinin həyata keçirilməsi də nəzərdə tutulur.

Eyni zamanda, Ermənistandan qovulmuş soydaşlarımızın hüquqlarının müdafiəsi və onların doğma yurdlarına qayıdışının təmin olunması ilə bağlı fəaliyyətimiz 2025-ci ildə də davam edəcək.

Beynəlxalq və regional ombudsman şəbəkələri ilə mövcud əməkdaşlığımızı gücləndirərək, bu təşkilatların rəhbərlərini il ərzində ölkəmizə dəvət etməyi və işğaldan azad edilmiş ərazilərə səfərlərini təşkil etməyi nəzərdə tuturuq. Bu səfərlər həmin ərazilərdə sürətlə həyata keçirilən quruculuq işləri ilə yaxından tanışlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Bundan əlavə, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu çərçivədə bir sıra tədbirlərin təşkili planlaşdırılır. 18 İyun – Milli İnsan Hüquqları Günü münasibətilə Bakıda Ombudsmanların Simpoziumunu keçirməyi və bu tədbirə beynəlxalq tərəfdaşlarımızı, müxtəlif ölkələrin ombudsmanlarını və milli insan hüquqları institutlarının rəhbərlərini dəvət etməyi planlaşdırırıq. Simpoziumda aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, eləcə də yerli və xarici media nümayəndələrinin iştirakı gözlənilir. Burada qanunun aliliyi və yaxşı idarəetmənin gücləndirilməsi kimi vacib məsələlər müzakirə ediləcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}