Ukrayna XİN başçısı: Rusiya ilə münaqişənin dondurulması deyil, müvəqqəti atəşkəs müzakirə olunur
Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəs münaqişənin dondurulması demək deyil. Şəffaflıq.az xəbər verir ki, bunu “RBK-Ukrayna”ya müsahibəsində ölkənin xarici işlər naziri Andrey Sibiqa bildirib. "Bu heç bir halda dondurulmuş münaqişə deyil, ABŞ nümayəndə heyəti ilə birgə bəyanatımızda təsbit edildiyi kimi, 30 günlük müvəqqəti atəşkəsdir", - A.Sibiqa vurğulayıb. Onun sözlərinə görə, Ukrayna hamıya sübut etdi ki, sülhə gedən yolda maneə o deyil. "İndi addım atmaq növbəsi Rusiyadadır. Rusiya ABŞ-yə 30 günlük atəşkəslə bağlı rəsmi cavab verməlidir. Dövlətin mövqeyini təsdiqləmək üçün müxtəlif rəsmi formalar var. Hazırda heç bir təsdiq yoxdur. Bu təsdiq birbaşa ABŞ tərəfinə təqdim edilməlidir", - A.Sibiqa bildirib. Nazir qeyd edib ki, Ukrayna heç vaxt ərazilərinin itirilməsini qəbul etməyəcək, həmçinin əmindir ki, heç kim ona bu və ya digər ittifaqlarda, istər Avropa İttifaqı, istərsə də NATO-da iştirak etməyi qadağan edə bilməz.
Facebook-da paylaş
