Alen Simonyan: Azərbaycanla danışıqlar erməni tərəfinin xəbər sızdırması səbəbindən uğursuz olub


Ermənistan parlamentinin spikeri Alen Simonyan etiraf edib ki, bir sıra hallarda Azərbaycanla danışıqlar erməni tərəfinin məlumat sızdırması səbəbindən uğursuz olub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə A.Simonyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, məlumat sızıntısının günahkarı Ermənistanın hakim partiyasının deputatı Ovik Aqazaryandır.

"Baş nazir Nikol Paşinyan gəlib bizə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün təfərrüatlarını danışır, baş nazir dövlət sirri olan məlumatları bölüşür. O isə bütün bunları açıqlayır. Bu, normaldırmı?", - A.Simonyan bildirib.

Spiker qeyd edib ki, Ermənistan hakimiyyəti bir ildən çox məlumat sızıntısının mənbəyini axtarıb.

"Biz bir ildən çox idi ki, sızıntının mənbəyini axtarıb tapmağa çalışırdıq. Partiya məsələləri olsa idi, yenə dərd yarı idi. Amma söhbət Ermənistanın təhlükəsizliyindən gedəndə, bu məsələni belə saxlamaq olmaz. Bir müddət əvvəl elə hallar olub ki, Azərbaycanla danışıqlar pozulub, münasibətlər gərginləşib. Biz, şərti desək, ola bilsin razılaşmaları pozmuşuq, ucadan nə isə demişik, məlumat sızdırmışıq. Bundan sonra get sübut elə ki, bu fraksiyanın üzvü müsahibəni və ya məlumatı qəsdən yox, səhvən verib", - parlament spikeri vurğulayıb.

Qeyd edək ki, Ermənistanın hakim “Mülki müqavilə” Partiyası deputat Ovik Aqazaryanı bir neçə gün əvvəl sıralarından xaric edib. İdarə Heyətinin qərarı ilə Ovik Aqazaryan dövlət və partiya əhəmiyyətli məxfi məlumatları sızdırdığına, habelə etik normaları kobud şəkildə pozduğuna görə “Mülki müqavilə”dən xaric edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}