Şamaxı regional “ASAN Həyat” kompleksinin beş illiyi qeyd olunub


Şamaxı şəhərində “ASAN Həyat” kompleksinin istifadəyə verilməsinin beş illiyi qeyd olunub.

Şəffaflıq.az-ın məlumatına görə, Şamaxı “ASAN Həyat” kompleksinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2019-cu il dekabrın 5-də baş tutub.

Bölgəyə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə kompleksin fəaliyyəti ilə bağlı geniş məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Bildirilib ki, kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, ABAD mərkəzi, Təlim mərkəzi , ASAN Kafe fəaliyyət göstərir.

Şamaxı regional “ASAN xidmət” mərkəzi 2019-cu il dekabrın 24-də fəaliyyətə başlayıb. Mərkəz Şamaxı, Ağsu, Qobustan, İsmayıllı və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.

Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 642 minə yaxın vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.

Kompleksdə 70 nəfər tutumu olan Təlim mərkəzi fəaliyyət göstərir. Vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ASAN kafenin tutumu 70 nəfərdir. Bundan başqa, kompleksin həyətində vətəndaşların asudə vaxtlarını səmərəli keçirmələri üçün park salınıb. Parkın ərazisində fəvvarə, uşaq əyləncə guşəsi, konsert meydançası var.

Qeyd edək ki, ölkədə “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb. Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Hazırda ölkədə 27 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla, digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan və Lənkərandadır.

"ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}