“Azəriqaz” qazdan istifadə limitinin sıfırlanmasına aydınlıq gətirdi

 

İlin sonu yaxınlaşdıqca artıq ictimai müzakirələrdə, internet səhifələrində və sosial şəbəkələrdə qazdan istifadə üzrə illik ayrılmış 10 qəpiklik limitin sıfırlanma məsələsinə diqqət artır.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov bildirib.

Onun sözlərinə görə, bir çoxları, hətta bəzi hüquq müdafiəçiləri bu məsələdən danışarkən səhvlərə yol verirlər, çaşqınlıq yaradacaq məqamlar ortalığa çıxır: “Abonentlərimiz bu məsələdə çaşqın duruma düşə bilərlər. Bu halda isə bu, heç də onların xeyrinə olmaz, fikirlərinin yanlış tərəfə istiqamətlənməsinə səbəb ola bilər. Bunun üçün də “Azəriqaz” İstehsalat Birliyi bir daha xatırladır ki, limitin sıfırlanması deyilən əməliyyatlar zamanı smart-kart tipli sayğaclarda dekabrın 31-də, gecə saat 00:00-da 2 200 kubmetrlik 10 qəpiklik limit tam sıfırlanır və artıq gələn ilin əvvəlindən hər abonent üçün 2 200 kubmetrlik həcmin yenidən 10 qəpikdən hesablanmasına başlanılır. Yəni dekabrın 31-də gecə saat 00:00-da bu proses öz işini avtomatik olaraq icra edir və sistemdə bu dəyişiklik gedir”.

Qeyd edək ki, smart-kart tipi sayğaclardan istifadə edən 1 milyon 200 minə yaxın abonent mövcuddur. Digər abonentlər mexaniki sayğacdan istifadə edirlər.

“Azəriqaz” rəsmisi bildirib ki, bəzən sosial şəbəkələrdə bu məsələni şərh edən insanlar mexaniki sayğaclarla olan məsələni bütün sayğaclara aid edirlər: “Əslində isə belə deyil. Mexaniki sayğaclarda hesabat dövrü hər ayın 5-dən digər ayın 5-nə qədər olan müddəti əhatə edir. Birliyin əməkdaşları sayğacın göstəricilərinə baxmalı və qeydiyyat prosesini aparmalıdırlar. Bu da abonent bazasında hər bir abonent üçün ayrılıqda hesabat şəklində öz əksini tapmalıdır. Lakin 2020-ci il yanvarın ilk 5 günü bayram günləri olacaq. Ona görə də mexaniki sayğacların qeydiyyat prosesinə ilin ilk iş günü – yanvarın 7-dən başlanılacaq. Həmin vaxtdan etibarən, mexaniki sayğacların oxunmasına start veriləcək, bu da maksimum 4-5 gün vaxt aparacaq. Məhz həmin qısa vaxt ərzində mexaniki sayğaclar üzrə illik limitin sıfırlanması mərhələsi əməliyyatı icra ediləcək. Ən geci yanvarın 10-da bu iş tamamlanacaq və hər bir əhali qrupu üzrə abonentə 2020-ci il üzrə yeni 10 qəpiklik qazdan istifadə üzrə 2200 kubmetrlik limit veriləcək”.

O qeyd edib ki, sosial şəbəkələrdə bu məsələlər barədə geniş məlumat almaq istəyən abonentlər, yaxşı olar ki, “Azəriqaz” İstehsalat Birliyinin rəsmi səhifəsinə daxil olsunlar: “Bu gündən etibarən artıq bizim rəsmi səhifəmizdə bununla bağlı məlumatlar yerləşdiriləcək. Bundan başqa, gələn həftə ərzində “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevin geniş mətbuat konfransı planlaşdırılır və bu mətbuat konfransına təkcə jurnalistlər deyil, həmçinin bu barədə yazan hüquq müdafiəçiləri də dəvət olunacaq. Açıq söhbət olacaq və onlar “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi ilə fikir mübadiləsinə qoşula bilərlər”.

C.Səfərov əlavə edib ki, əgər mexaniki sayğac istifadə edən abonent öz sayğacının qeydiyyatının daha tez bir zamanda nəzərə alınmasını və bazaya yerləşdirilməsini istəyirsə, ilin əvvəlində öz sayğacının aydın şəklini çəkib “Azəriqaz” İstehsalat Birliyinin “facebook” səhifəsinə, eyni zamanda 104 və 185 operativ qaynar xətti xidmətinin +99477 3 104 104 “watsapp” nömrəsinə də göndərə bilər.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}