Rusiya XİN rəhbəri Türkiyə və Suriyanın dialoqun bərpasında ciddi maraqlı olduğunu bildirib
“Türkiyə və Suriya hakimiyyətlərindən dialoqun bərpasına ciddi maraqla bağlı siqnallar gəlir. Rusiya danışıqlar prosesinin tezliklə yenidən başlanmasına fəal kömək edəcək”. Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Rusiyalı nazir qeyd edib ki, Dəməşq və Ankaranın mövqelərində əvvəllər aşkar edilmiş fikir ayrılıqları danışıqlar prosesində fasiləyə səbəb olub. “Suriya hökuməti israr edir ki, ilk növbədə Türkiyə hərbi kontingentinin ölkə ərazisindən çıxarılması barədə qərar qəbul etmək lazımdır. Türkiyədə, prinsipcə, Suriyanın suverenliyinə və ərazi bütövlüyünə sadiqliklərini təsdiqləyirlər, lakin öz ordusunun ölkədən getməsi məsələsinə daha sonra qayıtmağı təklif edirlər. Çünki hər iki paytaxtdan dialoqun bərpasına ciddi maraqla bağlı siqnallar gəlir. Odur ki, biz danışıqlar prosesinin tezliklə yenidən başlanmasına fəal kömək edəcəyik”. Lavrov həmçinin vurğulayıb ki, Suriya-Türkiyə arasında münasibətlərin normallaşması Suriyadakı vəziyyətin sabitləşməsi və Yaxın Şərqdə təhlükəsizliyin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Diplomat əlavə edib ki, Rusiya Dəməşq və Ankara arasındakı ziddiyyətləri aradan qaldırmaq üçün ardıcıl səylər göstərir. Lavrov xüsusi maraq doğuran mövzular arasında suriyalı qaçqınların geri qayıtması, terrorizmlə mübarizə və sərhəd təhlükəsizliyinin təmin edilməsini önə çəkib.
Facebook-da paylaş