KİV: İranda həbslər, aclıq aksiyası və edamlar davam edir
Güney Azərbaycan və İranın müxtəlif şəhərlərində sosial tələblərlə etiraz aksiyası keçirilir. Bildirilib ki, Güney Azərbaycanın Urmiya, Təbriz, Ərdəbil, Zəncan, Həmədan, eləcə də Tehran və Bicar şəhərlərində rabitə sahəsində çalışan təqaüdçülər etiraz aksiyası keçiriblər. Məlumata görə, onlar pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə, qanunla nəzərdə tutulan haqlarının pozulmasına, eləcə də müalicə xərclərinin verilməməsinə etiraz ediblər. Bildirilib ki, İranın Kermanşah əyalətində də təqaüdçülər etiraz aksiyası keçirir. Sosial Təminat Fondu binasının qarşısında toplaşan narazı təqaüdçülər müavinətlərinin yetərsiz olmasını bildirərək həm də həbsdə saxlanılan müəllimlərin və fəhlələrin sərbəst buraxılmasını tələb ediblər. Başqa bir məlumata əsasən, İranın Buşehr əyalətində qaz sənayesi işçilərinin etiraz aksiyası 10 həftədir davam edir. “Cənubi Pars” Qaz platformasının narazı fəhlələri işi dayandıraraq tətilə başlayıblar. Onlar gecikmiş əməkhaqlarının ödənilməsini tələb ediblər. Məlumata görə, Ərdəbil bölgəsində azərbaycanlı məhbus dar ağacından asılıb. Barəsində edam hökmü icra olunan məhbus Yunis Piruzi qəsdən adam öldürmə maddəsi ilə ittiham edilib. Şəffaflıq.az
Facebook-da paylaş