Odda yanmış, suda batmış avtomobillər ölkəmizə niyə GƏTİRİLİR
Son dövrlərdə xarici ölkələrdən, xüsusilə də ABŞ-dən qəzalı, bir hissəsi yanmış, hətta suda batmış maşınların gətirilməsi adi hala çevrilib. Onların bir çoxu elə gətirildiyi kimi, qəzalı halda ucuz qiymətə satışa çıxarılır. Bəzi hallarda isə həmin avtomobilləri bəzəyib "vuruqsuz" adı ilə satanlar da olur. Digər tərəfdən, istehsal ili köhnə olan avtomobillərin ölkəmizə gətirilməsi qadağan edilib. Bəs ili təzə olan, amma aşmış, yanmış, əzilmiş maşınlar ölkəyə niyə gətirilir? Bu avtomobillər nə üçündür? Belə çıxır ki, avtomobilin vəziyyəti barədə hər hansı tələb yoxdur? Nəqliyyat eksperti Aslan Əsədov Bizim.media-ya bildirib ki, bu cür avtomobillərin ölkəyə gətirilməsində əsas məqsəd pul qazanmaqdır: "Bu da maliyyə resursunun təmin edilməsi üçündür. Amma burada bir neçə faktor rol oynayır. Birinci faktor odur ki, tələbat var. Yəni tələbat varsa, təklif də avtomatik olaraq yaranır. Kifayət qədər belə maşınları alanlar var". Bu cür avtomobillərə tələbin hansı səbəbdən yarandığına gəlincə, ekspert deyib ki, onlar fərqli məqsədlər üçün istifadə olunur: "İli təzə olan yeni avtomobillər baha olduğundan bəzən bu cür avtomobilləri alırlar. Bəzən də olur ki, bu avtomobilləri gətirib təmir edir, həmçinin onların saz detallarını qiymətləndirməklə digər avtomobillər üçün ehtiyat hissələri kimi satırlar". Şəffaflıq.az
Facebook-da paylaş