Finlandiyada növbəti böyük tətil başlanıb
Tətillərdə həmkarlar ittifaqları ilə yanaşı, şirkətlərin menecerləri də iştirak edirlər. Finlandiya Sənaye İttifaqı, kimya, ağac emalı, əczaçılıq və texnoloji sənaye işçilərinin, habelə yanacaq istehsalı sahəsinin mənafelərini təmsil edən bir neçə iri həmkarlar ittifaqı tətil elan ediblər. İnşaat və elektrotexnika sektorunun işçiləri də həmrəylik əlaməti olaraq tətil elan edib, nəticədə tətilçilərin ümumi sayı 100 minə yaxın olub.
Keçən həftə Finlandiya Sənaye İttifaqı dövlət tərəfindən vasitəçilik edən şəxsin təklifini rədd edib. Sənaye İttifaqının prezidenti Riku Aalto deyib ki, əməkhaqqının 2 və ya 3 faizdən artırılması təklifi onları qane etmir. Bundan əlavə, Finlandiya Həmkarlar İttifaqı öz tələbləri üçün oriyentir kimi Almaniya tipli rəqib ölkələrin timsalında əməkhaqqının zəruri artım səviyyəsini müəyyən ediblər.
Qeyd edək ki, bəzi hesablamalara görə, bu tətil Finlandiya hökumətinə 400 milyon avro məbləğində ziyana səbəb olacaq. Xatırladaq ki, noyabr ayında poçt işçilərinin, habelə bəzi başqa sahələrdə çalışanların həmrəylik tətili Finlandiyanın həyatında böyük hadisə olub. O vaxt əməkhaqqının artırılması məqsədilə keçirilən tətillərlə bağlı qalmaqaldan sonra dövlət şirkətlərinin idarə edilməsi məsələləri üzrə nazir Sirpa Paatero və ölkənin baş naziri Antti Rinne hakim koalisiyanın etimadını itirərək istefa verməli olub.
Facebook-da paylaş