"Equinor" Azərbaycandakı layihələrindən birində payını SOCAR-a satmaq üzrə sövdələşməni başa çatdırıb


Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsi layihəsində 50 % payını Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satmaq üzrə sövdələşməni başa çatdırıb.

Şəffaflıq.az bu barədə "Equinor"a istinadən xəbər verir.

“SOCAR-a "Qarabağ" layihəsində 50 % payın satışı üzrə sövdələşmə 2024-cü il aprelin 24-də başa çatıb”, - şirkətin materiallarında bildirilib.

Eyni zamanda, “Equinor”, 2024-cü ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku və Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin işlənməsi layihələrindəki paylarının satışı üzrə sövdələşməni tamamlamağı planlaşdırdığını qeyd edir.

Norveç şirkəti xatırladıb ki, 2023-cü il dekabrın 22-də SOCAR ilə AÇG, BTC və “Qarabağ” layihələri də daxil olmaqla, Azərbaycandakı portfelinin satışına dair Saziş imzalayıb.

Qeyd edək ki, “Equinor” SOCAR-a “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 7,27 %, Bakı-Tbilisi-Ceyhan neft kəmərində 8,71 %, “Qarabağ” yatağının işlənməsi layihəsində isə 50 %-i satıb. Sövdələşmədən əvvəl SOCAR-ın AÇG-də iştirak payı 25 %, BTC-də 25 %, “Qarabağ” yatağında isə 50 % təşkil edib.

“Qarabağ” yatağı Bakıdan 130 km şərqdə yerləşir. Müqavilə sahəsi 16 milyon ton neft və 28 milyard kubmetr qaz ehtiyatına malikdir. Burada dənizin dərinliyi 180 metrdir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}