Əsas Səhifə > İnfrastruktur > "Equinor" Azərbaycandakı layihələrindən birində payını SOCAR-a satmaq üzrə sövdələşməni başa çatdırıb
"Equinor" Azərbaycandakı layihələrindən birində payını SOCAR-a satmaq üzrə sövdələşməni başa çatdırıb24-07-2024, 12:33 |
Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsi layihəsində 50 % payını Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satmaq üzrə sövdələşməni başa çatdırıb. Şəffaflıq.az bu barədə "Equinor"a istinadən xəbər verir. “SOCAR-a "Qarabağ" layihəsində 50 % payın satışı üzrə sövdələşmə 2024-cü il aprelin 24-də başa çatıb”, - şirkətin materiallarında bildirilib. Eyni zamanda, “Equinor”, 2024-cü ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku və Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin işlənməsi layihələrindəki paylarının satışı üzrə sövdələşməni tamamlamağı planlaşdırdığını qeyd edir. Norveç şirkəti xatırladıb ki, 2023-cü il dekabrın 22-də SOCAR ilə AÇG, BTC və “Qarabağ” layihələri də daxil olmaqla, Azərbaycandakı portfelinin satışına dair Saziş imzalayıb. Qeyd edək ki, “Equinor” SOCAR-a “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 7,27 %, Bakı-Tbilisi-Ceyhan neft kəmərində 8,71 %, “Qarabağ” yatağının işlənməsi layihəsində isə 50 %-i satıb. Sövdələşmədən əvvəl SOCAR-ın AÇG-də iştirak payı 25 %, BTC-də 25 %, “Qarabağ” yatağında isə 50 % təşkil edib. “Qarabağ” yatağı Bakıdan 130 km şərqdə yerləşir. Müqavilə sahəsi 16 milyon ton neft və 28 milyard kubmetr qaz ehtiyatına malikdir. Burada dənizin dərinliyi 180 metrdir. Geri qayıt |