14 iyul 1969-cu il - müstəqil Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün


Liderliyin qanunauyğunluqları: müdriklik, cəsarət, vaxtı qabaqlamaq qabiliyyəti

Bu keyfiyyətləri  şəxsiyyətində formalaşdıran və  müasirlərinə  nümunə olan, hakimiyyətə gəlişi ilə ölkəmizi dünyada tanıdan ulu öndər Heydər Əliyev   Azərbaycan adlı qüdrətli dövlətin qurucusu və  xilaskarı oldu

…1969- cu ilin isti yay günləri idi. 10 il Azərbaycanda  KP MK-nın birinci katibi işləmiş Vəli Axundovun səhhətində yaranan ciddi problemə görə  vəzifədən getməsi ilə bağlı yayılan söz- söhbət ciddiləşirdi.   Yeni katibin kimliyi ilə bağlı  ictimai rəy  müxtəlif  olsa da  sual dəyişilməz idi:  Birinci katibi kim əvəz edəcək? O dövrdə  Azərbaycandakı vəziyyət barədə təsəvvür yaratmaq üçün  Nikolay Zenkoviçin « Heydər Əliyev: Tale yolları» kitabına  nəzər salaq.

… Sovet ideologiyasının illərdən bəri qorunan kadr siyasəti belə idi ki,  vəzifəni təhvil verən şəxsdən potensial imkanlara malik xələfi ilə bağlı  fikir, rər öyrənilir,  nəzərə alınmasa belə yeni kadr barədə   müəyyən qənaət yaranırdı. Kremldə söhbət zamanı Moskvanın Azərbaycana rəhbərliyə o zaman respublikanın Dövlət Təhlükəsizliyi  Komitəsinin (DTK) sədri  Heydər Əliyev üzərində dayanmasına Vəli Axundov münasibətini  bu sözlərlə bildirmişdi:  «Yoldaş Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə yaxşı birinci katib olmaq üçün bütün keyfiyyətlərə- həm siyasi, həm də işgüzar keyfiyyətlərə malikdir.»

 Bu seçim təsadüfi deyildi. O dövrdə İttifaqda  DTK  böyük nüfuza malik idi.  DTK-nın sədri Heydər Əliyevin  dediyinə görə  bu xəbər onun üçün gözlənilməz olmuş və münasibətini bu sözlərlə bildirmişdi: «Respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi olmaq asan iş deyil. Ona görə də istəmirəm.»

Sonradan bu görüşün təfərrüatlarını xatırlayan Heydər Əliyev  danışırdı ki,   Sov İKP MK-nın Baş katibi Leonid İliç Brejnev onun etirazlarını qəbul etməmişdir: « Hiss olunurdu ki,  o özü üçün artıq qərar qəbul edib. Siyasi Büro da mənim namizədliyimi müzakirə edərək vahid rəyə  gəlmişdi ki,  respublikanın indiki vəziyyətində ən münasib namizəd  Əliyev olar…Yəqin ki,  mənim üstünlüyüm  DTK-da  işləməyim, şəxsi  işimin təmizliyi, qazandığım etimad,  azərbaycanlıların sevgisi idi.»

 Beləliklə, 14 iyul 1969-cu ildə  keçirilən  plenumda  Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın Birinci katibi seçildi. Sonralar Ulu Öndər  həmin tarixi «Mənim Bastiliyanın alınması günüm» adlandırırdı.

 Məhz həmin gün respublikanın yeni rəhbəri kimi Azərbaycanın inkişafı   və canından artıq sevdiyi  xalqı üçün məsuliyyəti  öz üzərinə götürən  Heydər Əliyev bilirdi ki,   məxfi xidmət orqanının başçısı olmağın  məsuliyyətindən fərqli olan dövlət qulluğunda  çalışmaq ikiqat çətindir. Respublikaya başçılıq,  ölkəni siyasi, iqtisadi cəhətdən inkişaf etdirmək, xalqın  maraqlarını qorumaq üçün dövlətçilik təcrübəsi lazım idi.  İttifaq miqyasında  geridə qalan respublika olan Azərbaycanı iqtisadi gerilikdən,   böhrandan çıxarmaq səriştə, dövlətçilik təcrübəsi tələb edirdi. Amma Vətənə bağlılıq,  işinə məsuliyyət , vətəndaşlıq borcu  bütün çətinlikləri geridə qoydu. Ulu Öndər Heydər Əliyevin xidmətlərinə verilən ən dəyərli qiymət isə tanınmış siyasətçilərin bu  sözləri  oldu: Azərbaycan xalqının bəxti onda gətirdi ki,  XX əsrin ikinci yarısında bu  millətin lideri, Azərbaycanın siyasi simasının parlaq ulduzu Heydər Əlirza oğlu  Əliyev oldu.  İlk gündən illərdən bəri yığılmış problemləri həll edən respublikanın rəhbəri Heydər Əliyev   Azərbaycan Xalq Cümhuriyyəti başçılarına müyəssər olmayan nailiyyətlərə də imza atdı.

Respublikaya yenilik ruhu ilə rəhbərlik  edən, ölkənin sosial-iqtisadi, mədəni həyatının bütün sahələrində müasir texnologiyaların tətbiqinə çalışan Ulu Öndər  Azərbaycan iqtisadiyyatının ən önəmli sahəsi olan neft sənayesini inkişaf etdirdi.         Ölkəyə başçılıq etdiyi birinci mərhələdə  yanacaq-energetika kompleksinin inkişafını diqqətdə saxlamaqla, bu sahəyə əsaslı vəsait qoyuluşunu artırmaqla  aqrar ölkə kimi tanınan Azərbaycanı  sənaye ölkəsinə çevirdi.   Neft sənayesi, neftmaşınqayırma, elektronika sahəsi inkişaf etdirildi. 1970-ci ildən başlayaraq xalqın ümumi sərvəti olan neft sənayesinin inkişafı, yeni yataqların kəşfi,  müasir qazma metod və üsullarının  Azərbaycanda tətbiqi ümummilli lider Heydər Əliyevin təşəbbüskarlığı  və müəllifliyi ilə  tərtib olunan « Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması» planı əsasında  həyata keçirildi. Onun xidmətləri sayəsində   Xəzər dənizində perspektivli yataqların kəşfi istiqamətində aparılan tədqiqat işləri sürətləndi, üzən qazma qurğuları alındı, «Şelf» seriyalı dəniz qazma qurğularının quraşdırılması mümkün oldu. Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı. 1993-cü ildə  müstəqil Azərbaycanda  Hakimiyyətə qayıdışı ilə  «Əsrin müqaviləsi»nin imzalanmasına nail olan Ümummilli Liderin neft strategiyasının həyata keçirilməsi ilə  xalqlar arasında  əməkdaşlıq, dostluq və  həmrəylik körpüsü yaradıldı.

Bütün hallarda  Azərbaycanın müstəqil dövlət olacağına inamı tükənməz olan Ulu Öndər Cəmşid Naxçıvanski adına hərbi  məktəbi yaratmaqla milli kadrların hazırlanmasına xüsusi diqqətlə yanaşdı. Hazırda Silahlı Qüvvələrimizin elə bir  xidmət sahəsi yoxdur ki,  orada ulu öndər  Heydər Əliyevin daim öyündüyü  Cəmşid Naxçıvanski adına məktəbin yetirmələri ləyaqətlə, şərəflə xidmət göstərməsinlər. Bu baxımdan  hərbi məktəbin məzunlarının hesabına  44 gınlük Vətən müharibəsindəki Qələbəmizdə  ulu öndər Heydər Əliyevin xidmətləri təkzibolunmazdır. Azərbaycanlı gənclərin  müxtəlif ixtisaslara yiyələnməsi üçün  keçmiş Sovet İttifaqının nüfuzlu ali məktəblərinə göndərilməsi ilə ölkənin ixtisaslı kadr potensialının əsası qoyuldu. Ümummilli lider Heydər Əliyev  1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra  da ilk  diqqət yetirdiyi sahə elə nizami ordu quruculuğu olmuşdur. 

 Totalitar sistemin yaratdığı çətinliyə baxmayaraq qorxmaz, cəsur, möhkəm iradə sahibi olan Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək imkanı yaratdı. Görkəmi ilə nümunə göstərilən mədəniyyət ocaqları inşa olundu, tarixi şəxsiyyətlərimizə hörmət olaraq mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradıldı.  Milli məfkurə, azərbaycançılıq ideologiyası  formalaşdı.  Bakıda İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilinin təşəbbüskarı da  uzaqgrən siyasətçi Heydər Əliyev idi. Onun  səyi ilə  1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Ana dilimizin idarəçilikdə geniş tətbiqi,  klassiklərin İttifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin təbliği milli dövlətçiliyimizin ideya təməli, dövlətçilik siyasətinin başlıca istiqamətləri kimi diqqətdə saxlanılırdı.

Liderlik  şansını qazanan müdrikin ən böyük xidməti özündən sonra  xalqın etimadını doğruldacaq davamçısını yetişdirməsidir.  Ümummilli lider Heydər Əliyev  bu sahədə də zəkasına, dövlətçilik təcrübəsinə güvəndi. 2003- cü ildə  keçirilən prezident seçkiləri ərəfəsində  xalqa  ünvanlanmış  tarixi  müraciəti ilə Azərbaycana vurğunluğunu bildirən, müstəqilliyin əbədi olması üçün göstərdiyi xidmətlərin davamlı olmasını istəyən dahi Heydər Əliyev  davamçısı  və özü qədər inandığı cənab İlham Əliyev kimi səriştəli, iradəli dövlət başçısını Azərbaycan xalqına bəxş etdi.  Müdrik siyasətçi Heydər Əliyev məktəbini layiqincə davam etdirən Prezident İlham Əliyev ölkəmizi dünya birliyində qüdrətli  dövlət kimi  tanıtmaqla, İkinci Qarabağ müharibəsini  Qələbə ilə başa vurmaqla Ulu Öndərin layiqli davamçısı olduğunu təsdiqlədi. Özünün qeyd etdiyi kimi, ata vəsiyyətini yerinə yetirdi.


Bayram Xudayarov

Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,

"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,

YAP-ın fəal üzvü

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}