Siyasət Əsgərov: Türkiyədə çıxış edən futbolçularımızın fiziki durumu ilə bağlı problem yaşadıq.
Türkiyədə çıxış edən futbolçularımızın fiziki durumu ilə bağlı problem yaşadıq. Şəffaflıq.az xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsinin Macarıstanla oyunundan sonra keçirilən mətbuat konfransında deyib. Yığmamızın çalışdırıcısı 0:5 hesablı məğlubiyyəti şərh edib: “Təəssüf ki, nəticə belə oldu. Rəqib çox keyfiyyətli komanda idi. Düzdür, onlardan səfərdə 1 xal ala bilmişdik. Düşünürəm ki, evdə böyük hesabla məğlub olmağımızın əsas səbəblərdən biri əksər futbolçularımızın Türkiyə çempionatında çıxış etməsidir. Orada mövsüm iyunun 5-də başa çatıb. Türkiyədə çıxış edən futbolçularımızın fiziki durumu ilə bağlı problem yaşadıq. Eyni zamanda, oyun praktikasından əziyyət çəkirdilər. Bunu oyun zamanı da hiss etdik. Üstəlik, Manə Mollayeva və Peritan Bozdağ cəzalı olduqları üçün bizə kömək edə bilmirdilər. Esra Manya da son məşqdə zədələndiyi üçün riskə getmədik. Bu futbolçuların boşluğunu doldura bilmədik”. S.Əsgərov son tur öncəsi millinin pley-off mərhələsinə vəsiqə şansını qoruduğunu sözlərinə əlavə edib: “Bu gün xal və ya xallar qazana bilsəydik, qrupu ikinci pillədə də tamamlaya bilərdik. Ancaq qarşıda hələ bir oyun var. İsveçrə ilə səfər matçında heç-heçə pley-offa vəsiqə şansımızı artıra bilər. Hətta 4 xalla belə, bunu reallaşdırmaq şansımız var. Təbii ki, bu, digər qruplardakı nəticələrdən də asılı olacaq. Pley-offa vəsiqə qazanmaq şansını itirməmişik”. Baş məşqçi millidə debüt edən gənc futbolçu Xanım Əsədovanın çıxışından razı qalıb: “Xanım Əsədova azsaylı istedadlardan biridir. O, çoxdan nəzərimizdə idi. İki futbolçumuz cəzalı olduğundan, Xanımı görüşün iştirak ərizəsinə daxil etmək qərarına gəldik. Düşündük ki, bu, Xanım üçün stimul olar. Onun gələcəyi naminə bu addımı atdıq. Matçın gedişində də şans vermək qərarına gəldik. Xanım Əsədovanı növbəti illərdə tez-tez milli komandada görə biləcəyik”. Qeyd edək ki, Azərbaycan milli komandası qrupda son oyununu iyulun 16-da Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığmasına qarşı keçirəcək.
Facebook-da paylaş