Ermənistan konstitusiyasına dəyişiklik sülh yolundakı ən böyük əngəli aradan qaldıra bilər - ŞƏRH

Bir neçə aydır Azərbaycanla Ermənistan arasında daha da dərinləşən Konstitusiya dəyişikliyi, yəni sülh müqaviləsinin imzalana bilməsi üçün ikincinin konstitusiyasında dəyişikliklə bağlı müzakirələr yeni məcraya qədəm qoyub. Bir neçə gün əvvəl TÜRKPA-ya üzv dövlətlərin parlament sədrləri ilə görüşü zamanı Prezident İlham Əliyev bəyan etdi ki, Ermənistan Konstitusiyası dəyişmədən heç bir sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Bununla da dövlət başçısı Ermənistanın siyasi elitasının qarşısına yeni tapşırıq qoydu və əvvəldən də dəfələrlə bəyan etdiyi fikrini bir daha təsdiqlədi. Söhbət ondan gedir ki, Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsi ilə bağlı fikir var və 1989-cu il 1 dekabr tarixli deklarasiyaya əsasən, Dağlıq Qarabağ vilayəti Ermənistana birləşdirilməlidir. Maraqlıdır ki, dəfələrlə Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul edən, sülh müqaviləsini tez bir zamanda imzalamağa həvəsli olduğunu bəyan edən erməni siyasi elitası bu maddəni dəyişdirməyə həvəssiz yanaşır. Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan isə parlamentdəki çıxışında bir daha diplomatik savadı və bacarığının olmadığını sübuta yetirib. Mirzoyan qeyd edib ki, rəsmi Bakının konstitusiya dəyişikliyi ilə bağlı tələbi Ermənistanın daxili işlərinə qarışmaq sayılır. Bir neçə ildir xarici işlər nazirliyinə rəhbərlik edən şəxs dərk etmir ki, Azərbaycanla sülh müqaviləsi üzrə danışıqların intensivləşdiyi, sərhədin demarkasiyasına başlanıldığı və artıq 12.7 km-lik ərazinin demarkasiya edildiyi bir vaxtda, haqlı tələbi daxili işə qarışmaq kimi şərh etmək ən azı siyasi savadsızlıqdır. Əgər Konstitusiyada Azərbaycanın ərazi bütövlüyünə qarşı bir maddə varsa, Bakı diplomatiyası və siyasi elitası bunun ləğvini tələb edirsə, Mirzoyan və onun rəhbərlik etdiyi idarə ən azı susmalı, bu işə parlament və referendum vasitəsilə nail olmağın mümkünlüyünü araşdırmalıdır. 


Başqa bir fakt isə Mirzoyanın bu dəfə də baş nazir Nikol Paşinyanın açıqlamalarına zidd fikirlər söyləməsidir. Çünki Paşinyan hakimiyyətə gəldiyi elə ilk günlərdən erməni konstitusiyasında dəyişiklik edilməsi ilə bağlı müxtəlif fikirlər söyləyib. Hələ yanvarın 19-da baş nazir bəyan etmişdi ki, ölkənin yeni konstitusiyaya ehtiyacı var. Fevralın 1-də isə İctimai Radioya müsahibəsində hökumət başçısı konkret olaraq bəyan etdi ki, yeni konstitusiyada müstəqillik bəyannaməsinə istinad olmamalıdır: “Əgər Ermənistanın yeni konstitusiyasında bu bəyannaməyə istinad olsa, sülh heç bir zaman olmayacaq”.

Paşinyan özü də deyir ki, konstitusiyanın preambulası sülhə maneədir. Göründüyü kimi, dövlətin rəhbəri konkret fikrini ortaya qoyur. Amma xarici işlər naziri bu müsahibəni ya dinləməyib, ya da başqa dairələrin maraqlarına xidmət edir. Əgər erməni tərəfi məsələni daxili işə qarışmaq kimi dəyərləndirirsə, ya sülh müqaviləsini imzalamağa həvəsli deyil, ya da xarici siyasət aparatının rəhbəri ölkənin maraqlarına xidmət etmir. Bu açıqlama isə Azərbaycan XİN başçısı Ceyhun Bayramovun sülh müqaviləsi ilə bağlı Ermənistandan növbəti redaktəni aldığını, artıq açıq sualların az qalması ilə bağlı bəyanatı fonunda səslənib. Ermənistanın xarici siyasətinə rəhbərlik edən şəxs hələ də dərk etmir ki, konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları varsa, bu iki ölkə ilə heç bir halda sülh müqaviləsi və yaxşı, xoş, dostluq əlaqələri ola bilməz. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfi Ermənistana ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müraciət edib. Onsuz da uzun müddətdir heç bir fəaliyyət göstərməyən qurumun ləğvi əslində hər iki ölkəyə də lazımdır. Zatən Azərbaycan bu yararsız qurumun fəaliyyətinə icazə vermir. Qanuni olaraq isə ləğvi üçün Ermənistanın da əlini daşın altına qoyması lazımdır. Maraqlıdır ki, hələlik bu məsələ ilə bağlı erməni tərəfindən rəsmi bir fikir və açıqlama yoxdur. Bu isə hələ də Ermənistanın Minsk qrupu kimi lazımsız qurumun saxlanılmasını üstün tutduğuna işarə edir. Qısacası, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının davam etdiyini deyə bilərik.


İndi isə Ermənistanın XİN başçısının “Azərbaycan da öz konstitusiyasını dəyişdirməlidir” fikrinə toxunaq. Məlumdur ki, siyasi cəhətdən kifayət qədər savadsız olan Ararat Mirzoyanın bu barədə fikir səsləndirməsi siyasi dairələrdə gülüşə səbəb olub. Məlum olduğu kimi, Azərbaycan Konstitusiyasında Ermənistanın ərazi bütövlüyünə təcavüz, iddia ilə bağlı heç bir maddə yoxdur. Ermənistanın qorxusu nədən ibarətdir? Qısası, Azərbaycanın 1918-ci ildə qurulmuş Cümhuriyyətin varisi olması yəqin erməni siyasi elitasının qorxulu röyasıdır. Əgər Zəngəzurun 1920-ci ildə Ermənistana SSRİ tərəfindən peşkəş verildiyini, eyni zamanda 1918-ci ildə yaradılmış Cümhuriyyətin müasir Ermənistanın bir sıra ərazilərini əhatə etdiyini nəzərə alsaq, bu qorxunun nədən yarandığını anlamış olarıq. Sadəcə yenə də siyasi cəhətdən savadsız erməni siyasi elitası hələ də dərk etmir ki, sözügedən maddə heç bir ərazi ilə bağlı deyil. Söhbət dövlətçilik ənənələrinə varislikdən və onun davamlılığından gedir.

Ermənistan konstitusiyasında isə konkret olaraq, Azərbaycana qarşı ərazi iddiası var. Amma baş nazirdən tutmuş, digər rəsmi şəxslərə qədər, dəfələrlə erməni tərəfi bəyan edib ki, Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur və ola bilməz. Yaxşı, doğrudan da Ermənistanın Azərbaycana ərazi iddiası yoxdursa, o zaman bu ölkənin Xarici İşlər Nazirliyi yuxarıda qeyd olunan preambulanı necə izah edə bilər? Bu tam cəfəngiyyatdır. Ya bu şəxslərin siyasi və tarixi bilikləri yoxdur, ya da sırf daxili auditoriyaya hesablanan açıqlamalar xalqı axmaq yerinə qoymağa xidmət edir. Eyni zamanda bu, erməni hiyləgərliyi də ola bilər. Çünki “Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan da dəfələrlə bəyan edib ki, konstitusiya dəyişikliyi yolverilməzdir, Azərbaycanla sülh danışıqları ATƏT-in Minsk qrupu çərçivəsində aparılmalıdır. Ehtimal etmək olar ki, bu tip bəyanatlar da destruktivliyə və sülhü baltalamağa hesablanıb. Çünki Konstitusiya dəyişikliyini ləngitmək, onun qarşısını almaq sadəcə bu məqsədə xidmət edə bilər. Əgər Ermənistanda hakimiyyət dəyişikliyi baş tutsa və sülh əleyhdarları hakimiyyətə gəlsə, bu zaman yenidən Konstitusiya maddəsi əsas götürüləcək, danışıqlar zədələnəcək. Məhz bu faktor isə Azərbaycanın səbir kasasının yenidən daşmasına, dəmir yumruğun işə düşməsinə səbəb ola bilər. Elə bu səbəbdən də erməni siyasi elitası konstitusiya ilə bağlı məsələni bu qədər şişirtməyə cəhd göstərirlər. Bununla belə, ehtimal etmək olar ki, payız aylarında Ermənistan parlamentində bu məsələ yenidən gündəmə gələcək və Paşinyan o dövrə qədər ölkədəki vəziyyəti stabilləşdirə bilsə, sözügedən maddənin konstitusiyadan çıxarılmasına nail ola biləcək. Çünki baş nazir də gözəl dərk edir ki, sözügedən maddə Azərbaycanla sülh müqaviləsinin bağlanması yolunda əsas maneələrdən biridir. Dünya praktikasında isə bu, yaşanmış hadisədir.

İngiltərədə “The Troubles” kimi tanınan münaqişə mərkəzi Britaniya hakimiyyət orqanları ilə Şimali İrlandiyadakı yerli respublikaçı milli təşkilatlar arasında regionun statusu ilə bağlı mübahisə nəticəsində yaranıb. Böyük Britaniyaya qarşı çıxan əsas qüvvə İrlandiya Respublika Ordusu (IRA) idi. Öz növbəsində İRA-nın əsas rəqibi Protestant Narıncı Ordeni və onu dəstəkləyən sağçı protestant təşkilatları idi. Qarşıdurmanın kökü orta əsrlərə gedib çıxır. Belə ki, İrlandiya orta əsrlərdə İngiltərədən asılı vəziyyətə düşüb. XVI əsrdən etibarən adada yerli sakinlərdən torpaqların müsadirə edilməsi və ingilis köçkünlərinə verilməsi prosesi başladı. Sonrakı illərdə İrlandiyada ingilis əhalisi artdı. Britaniya hakimiyyət orqanlarının torpaq siyasəti irland torpaq sahiblərini narazı salması münaqişələrə və üsyanlara səbəb oldu. Bu hadisələr XX əsrin ortalarına qədər və üçüncü rübünün sonuna qədər qanlı şəkildə davam etdi.

1921-ci ilin dekabrında Böyük Britaniya ilə İrlandiya arasında sülh müqaviləsi imzalandı. İrlandiya dominion statusu aldı. Bununla belə, münaqişə bitmədi və müntəzəm olaraq, tərəflərin can tələfatı ilə davam etdi.

Nəhayət, 1998-ci il noyabrın 19-da Böyük Britaniya parlamenti Şimali İrlandiya aktını qəbul etdi. Həmin qanuna əsasən 1920-ci il İrlandiya hökuməti haqqında və 1973-cü il Şimali İrlandiya Konstitusiyası haqqında qanunlar ləğv olundu və Britaniya ilə İrlandiya Respublikası arasında 1998-ci il aprelin 10-da əldə edilmiş Belfast razılaşmasına əsasən yeni qaydaları müəyyən etdi. Şimali İrlandiyanın Konstitusiyasının 2 və 3 maddələri çıxarıldı. İrlandiya Respublikasının Konstitusiyasından Şimali İrlandiyaya ərazi iddialarını nəzərdə tutan maddələrin çıxarılması təsbit olundu. Belfast sazişi iğtişaşlara və terrora son verdi. Bu isə uzun illər davam edən qarşıdurma, qanlı toqquşmalara sadəcə Konstitusiyada iki maddənin dəyişikliyi ilə son qoyma praktikasının mümkünlüyünü sübut etdi.

Bu səbəbdən də Ermənistanın siyasi hakimiyyəti bu presedenti hakim tutaraq, öz Konstitusiyasına “əl gəzdirə” bilər və bunu misal çəkərək, haqlı olduğunu xalq və müxalifət qarşısında sübut edə bilər. Sözügedən maddənin ləğvi isə sülh müqaviləsi yolundakı ən böyük əngəllərdən birini aradan qaldıra bilər. Bu isə regionun, xüsusən də maliyyə və iqtisadi sferası çökmüş Ermənistanın inkişafına səbəb ola bilər.

Kamil Məmmədov



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}