"Parlament ölkədəki dəyişikliklərə uyğunlaşdırılacaq" - "Bu qərar parlamentdə əsasən yeni nəslin olacağından xəbər verir"
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Milli Məclisdə təmsil olunan deputatlarını geri çəkmək haqda qərar qəbul edib. Bundan sonra isə YAP Siyasi Şurası parlamentin buraxılması və öz səlahiyyətlərindən istifadə edərək növbədənkənar parlament seçkilərinin təyin olunması üçün Prezident İlham Əliyevə müraciət edib. Beləliklə, Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcək.
Şəffaflıq.az bildirir ki, "AzPolitika.info"-nun bu mövzuda suallarına Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə cavab verib.
-Yeni Azərbaycan Partiyasının Siyasi Şuasının deputatlarını Milli Məclisdən geri çəkməsi haqda qərarını necə qiymətləndirirsiniz?
-Bu istiqamətdə atılan addımlar, əslində Azərbaycan parlamentinin də ölkədə gedən dəyişikliklərə uyğunlaşdırılması məqsədi daşıyır. Mən islahatların tərəfdarıyam.
-Yəni, parlament islahatlarına da Milli Məclisin buraxılması ilə başlanılır?
-Mənə elə gəlir ki, verilən qərar məhz bu mənanı daşıyır.YAP Siyasi Şurasının üzvlərinin Prezident İlham Əliyevə etdiyi müraciətlə tanış olsanız görərsiniz ki, verilən qərar məhz bununla bağlıdır. Əsas məqsəd həmin müraciətdə öz əksini tapıb. Orada bildirilir ki, parlamentin ölkədəki dəyişikliklərə uyğunlaşdırmaq məqsədilə növbədənkənar parlament seçkilərinin keçirilməsi təklif olunur.
-Bu qərardan sonra gözləntiləriniz nədən ibarətdir?
-Ümidvaram ki, ən azı nəsl dəyişikliyi baş verəcək, yeni təfəkkürə malik olan nümayəndələr parlamentdə təmsil olunacaq.
-İndi çoxları deyir ki, yeni nəsl və yeni təfəkkürə malik insanlar icra, qanunverici və məhkəmə hakimiyyətində təmsil olunmalıdır. Bəs bu sayda gənc mütəxəssis varmı?
-Sözsüz ki, var. Azərbaycan xalqı istedadlı xalqdır. Artıq müstəqil Azərbaycanda böyüyən, Azərbaycan dəyərləri ilə yaşayan və yeni təfəkkürə malik insanlar var. Mən ümidvaram ki, onların siyasətdə fəal iştirakı ölkədə islahatların daha sürətli həyata keçirilməsinə təkan verəcək. Hesab edirəm ki, bu qərar parlamentdə əsasən yeni nəslin, müasir təfəkkürlü insanların olacağından xəbər verir. Açığını deyək ki, biz ağır sovet baxışlarından, köhnə dünyadan irəli getməliyik. Bunun üçün də müstəqil Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri də ölkənin çoxşaxəli iqtisadi islahatların, siyasi islahatların həyata keçirməsini daşıyır. Və parlamentində buna ehtiyacı var. Çox gözəl haldır ki, Milli Məclisdə çoxluğu təşkil edən partiya da bu istəklə prezidentə müraciət edir.
-Sabah parlament rəsmən buraxılacaq?
-Bəli, iclas keçiriləcək. Ümidvaram ki, iclasda parlamentin buraxılması haqda qərar qəbul olunacaq və yaxın müddətdə yeni parlament seçkilərinin vaxtı müəyyən ediləcək.Yəni sabah parlamentdə səsvermə keçiriləcək, bunun da nəticəsində Prezidentin yeni parlament seçkilərinə dair müvafiq sərəncamı olacaq. Düşünürəm ki, yeni parlament də ölkədə və hökumətdə gedən dəyişikliklərə uyğunlaşacaq.
Facebook-da paylaş