Baş katib: “İnanırıq ki, bu dəfə də ermənilərlə oyunlarda uğurlu nəticə qazanacağıq”


“İnanırıq ki, bu dəfə də ermənilərlə oyunlarda uğurlu nəticə qazanacağıq”.

Bunu Şəffaflıq.az a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov aşağı yaş qrupları üzrə milli komandaların Avropa çempionatındakı şanslarını dəyərləndirərkən deyib.

Federasiya rəsmisi U-18-də həm oğlanların, həm qızların, U-16-da isə qızların Ermənistanla eyni qrupa düşmələrinə münasibət bildirib: “Ermənilərlə həm oğlanlar, həm də qızlar dəfələrlə üz-üzə gəliblər. Ötən il də onlara qarşı çıxış etmiş və qələbə qazanmışdıq”.

V.Əzimov B divizionunda çıxış edəcək U-20 yığmasından daha parlaq nəticə gözlədiklərini söyləyib: “Rəqiblərimiz dəfələrlə qarşılaşdığımız komandalardır. Yığmalarımız uğurlu nəticə əldə etmək üçün əllərindən gələni edəcəklər. Hamısından uğurlu nəticə gözləyirik. Xüsusən də U-20 millisi bizə maraqlıdır. Çünki bu komanda daha yüksək liqada mübarizə aparacaq. U-20 yığmamızın yaxşı nəticə ilə pley-offa vəsiqə qazanacağına ümid edirik”.

Baş katib Azərbaycan basketbolunun inkişafda olduğunu sözlərinə əlavə edib: “Azərbaycan basketbolunda olan dirçəliş aşağı yaş qruplarına da sirayət edir. Aşağı yaş qrupları üzrə çempionatlar keçirilib. Uşaq basketbolunda artıq inkişaf var”.

Qeyd edək ki, ötən həftə U-20, U-18 və U-16 yığmaları arasında Avropa çempionatının püşkü atılıb. Qitə birinciliyinin oyunları iyulda keçiriləcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}