Putin Ukraynada müharibə başlayandan sonra Qərbdən olan jurnalistə ilk böyük müsahibə verib


Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin fevralından, yəni Ukraynada müharibə başlayandan sonra ilk böyük müsahibəsini amerikalı jurnalist Taker Karlsona verib.

Şəffaflıq.az xəbər verir ki, prezident jurnalistlə söhbəti zamanı 2 saatdan çox müddətdə 60 sualı cavablandırıb.

Jurnalist müsahibəni “X” sosial şəbəkəsində yerləşdirdikdən sonra 5 saatdan çox müddətdə paylaşıma 60 milyondan çox baxış olub. Onun yutub kanalında isə bu göstərici 1,5 milyonu ötüb.

“Putin iki saatlıq müsahibəsində Ukraynada təcavüzün necə başa çatacağı ilə bağlı baxışını həmişəkindən daha açıq söyləyib: hərbi qələbə ilə deyil, Qərblə razılaşma yolu ilə... Müsahibənin çox hissəsi Rusiyanın Şərqi Avropa torpaqlarına IX əsrdən başlayaraq tarixi iddiaları ilə bağlı idi”, - ABŞ-nin “New York Times” qəzetində bildirilib.

“Siz Ukraynanın hazırkı rəhbərliyinə deməlisiniz ki, dayansınlar və danışıqlar masasına əyləşsinlər”, - nəşr V.Putindən sitat gətirib.

“New York Times”da vurğulanıb ki, V.Putin daha sonra əlavə edib: “Ukraynadakı sayı-hesabı bilinməyən səfərbərliklər, isteriya, daxili problemlər gec-tez razılaşmaya gətirib çıxaracaq”.

Rusiya Prezidenti həmçinin bəyan edib ki, Rusiya Polşa və ya Latviyaya qoşun yeritməyi planlaşdırmır.

Onun sözlərinə görə, Avropa ölkələrindəki hakimiyyətlər Rusiya təhdidini şişirdir və Qərb dövlətlərinin Moskva ilə razılığa gəlməsi daha yaxşı olardı.

Almaniyanın “Compact” jurnalı Putinin Karlsonla söhbətini ilin müsahibələrindən biri kimi qiymətləndirib:

“Bu, artıq ilin müsahibələrindən biridir: məşhur amerikalı jurnalist Taker Karlson Moskvada idi və Rusiya Prezidenti Vladimir Putindən müsahibə götürüb”.

Avropa Parlamentinin nümayəndələri də müsahibəyə münasibət bildiriblər. Məsələn, Avropa Parlamentinin Avstriya Azadlıq Partiyasından olan üzvü Harald Vilimski Rusiya dövlət başçısının amerikalı jurnalistlə müsahibəsinin Qərbin informasiya blokadası fonunda sensasiyalı olduğunu vurğulayıb.

T.Karlson isə V.Putini çox ağıllı həmsöhbət adlandırıb. Onun sözlərinə görə, müsahibəyə 5 saata yaxın vaxt sərf edib. O əlavə edib ki, təkcə 2 saat ərzində Rusiya prezidentini gözləyib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}