İsmayıllı rayonunda 8 Noyabr-Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib
İsmayıllıda Mədəniyyət Nazirliyi və İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə konsert proqramı təşkil olunub. Şəffaflıq.az xəbər verir ki, Bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkili Novruzəli Aslanov, RİH-in əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olan Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov qeyd edib ki, sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, qüdrətli ordumuzun gücü qarşısında düşmən 44 günə məhv edildi. Bununla da Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan bu müharibə dünya hərb tarixinə 44 günlük müharibə kimi düşdü. Ali Baş Komandanın çağırışı ilə böyükdən kiçiyə birləşən Azərbaycan xalqının birliyinin şərəfinə bu müharibə həm də "Dəmir Yumruq" əməliyyatı adlandırılır. Rayon rəhbəri Vətən müharibəsində ismayıllıların da böyük qəhrəmanlıq göstərərək yüksək fədakarlıq nümayiş etdirdiyini bildirib, şəhidlərimizi dərin hüznlə yad edərək, qazilərimizə Allahdan şəfa diləyib. Hamını Zəfər Günü münasibətilə təbrik edib. Çıxış edən millət vəkili Novruzəli Aslanov qələbədə payı olan bütün şəhidləri o cümlədən İsmayıllı şəhidlərini dərin hörmət və qürur hissi ilə anaraq 44 günlük Haqq savaşımızdan ətraflı söz açıb. O, vurğulayıb ki, bu gün Azərbaycan xalqının Qarabağa qovuşduğu, tarixi zəfərə imza atdığı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda terrorlar zamanı həlak olan günahsız insanların qisasının döyüş meydanında alındığı, işğalçı Ermənistana layiq olduğu yeri göstərməklə öz tarixi torpaqlarını düşmən tapdağından azad etdiyi gündür. Bayram tədbirində “Beynəlxalq Muğam Mərkəzinin solistlərinin və tanınmış müğənni Çinarə Məlikzadənin ifasında bir-birindən rəngarəng musiqi parçaları səsləndirilib.
Facebook-da paylaş