Politoloq: “Paşinyan Rusiyaya MDB və KTMT-dən çıxacağının siqnalını verir”
“Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya Müstəqil Dövlətlər Birliyi (MDB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağının siqnalını verir”. Bunu “Report”a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, Ermənistan birdəfəlik Rusiyanın ağuşundan qurtulmaq istəyir: “Artıq Ermənistan KTMT-dəki nümayəndəsini geri çağırıb. MDB-ni açıq şəkildə boykot edir. Bir neçə gün əvvəl MDB-nin Bişkekdə keçirilən zirvə toplantısına Nikol Paşinyan getmədi, həmçinin Ermənistanın xarici işlər naziri XİN başçılarının görüşünə qatılmadı. Bunlar Rusiyaya siqnaldır ki, mən MDB və KTMT-dən də çıxıram. Ermənistan Avrasiya İqtisadi İttifaqını da ərizə verib. Bu o deməkdir ki, Ermənistan Rusiyanın ağuşundan tam çıxmaq istəyir”. Ekspert deyib ki, Nikol Paşinyanın bu istəkləri fonunda qaldırdığı iddialar əsassızdır: "Ermənistan Rusiya ilə münasibətlərini açıq formada ifadə etməli, yarımhəqiqətlərə söykənib məsələləri malalamaqla məşğul olmamalıdır. Nikol Paşinyan Rusiyadan uzaqlaşırsa, cəsarətli olmalıdır, böhtan atmamalıdır. Rusiya İkinci Qarabağ müharibəsi zamanı Ermənistana ciddi yardım göstərdi. Hər gün iki böyük yük təyyarəsi 21 ton silah-sursatla İrana uçuş edirdi. Həmin silahlar oradan İran TIR-ları vasitəsilə Ermənistana daşınırdı. Bu gün Ermənistanın üstüörtülü də olsa, Rusiyanı ona dəstək göstərməməkdə günahlandırması ən başda buna görə yanlışdır. Nikol Paşinyanın ikinci böyük səhvi isə həmin müharibədə KTMT qoşunlarından Ermənistana dəstək göstərməsini gözləmək oldu. Çünki müharibə Azərbaycan ərazisində gedirdi, Ermənistanın ərazisinə daxil olunmamışdı. KTMT-nin əsasnaməsində isə qurumun qüvvələrinin üzv dövlətlərdən birinin ərazisinə hücum olarsa, işə qarışacağı qeyd edilib. Axı Qarabağ müharibəsində təcavüzkar Ermənistanın özü idi. Azərbaycan Ordusu, sadəcə, erməni silahlılarını ərazimizdən çıxarırdı, buna görə də məsələyə KTMT müdaxilə edə bilməzdi”.Q.Hüseynli Ermənistanın bir tərəfdən özünü sülh müqaviləsi imzalamaqda maraqlıymış kimi göstərib, digər tərəfdən Azərbaycana qarşı yalan fikirlər səsləndirməsindən də söz açıb: "Nikol Paşinyan Rusiya ilə münasibətlərini tam açıqlamaq cəsarətində olmadığı üçün bəzi məsələlərdə Azərbaycanı təqsirləndirir. Artıq Azərbaycan suverenliyini tam təmin edib və ona müharibə lazım deyil, bundan sonra quruculuq işləri ilə məşğul olacaq. Ermənistan guya Azərbaycanın bu ölkəyə hücum edəcəyi fikrini yaratmağa çalışır. Bu fikirləri səsləndirərək Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə çağırış edilir, könüllü şəkildə Qarabağdan gedən ermənilərin qaytarılması ilə bağlı hay-həşir salınır. Daha sonra isə sülh müqaviləsinin imzalanmasını istəyirlər. Ardıcıl və stabil olmaq lazımdır. Rusiya ilə gərgin münasibətlərinin Azərbaycana aidiyyəti yoxdur. Ola bilər ki, Qərb Paşinyanı qəbul edir, ona müəyyən vədlər verir, Paşinyan da, öz növbəsində, Qərbə inteqrasiya xəttini götürür, burada problem yoxdur, amma eyni zamanda Rusiya ilə bağlı məsələləri də hüquqi dildə açıb deməlidir. Onu etməyə isə Ermənistanın cəsarəti çatmır”.
Facebook-da paylaş