Dövlət büdcəsini iki ilə 50 milyard manata necə çatdırmalı?


Pərviz Heydərov yazır...

Ölkə iqtisadiyyatında real vəziyyəti qiymətləndirmək üçün təkcə dövlət büdcəsi üzrə birinci yarımilin yekunlarına diqqət yetirmək kifayətdir. 2023-ci ilin birinci yarımilliyində dövlət büdcəsinin gəlirləri 15 milyard 479 milyon 900 min manat, xərcləri isə 14 milyard 063 milyon 300 min manat təşkil edərək, 1 milyard 416 milyon 600 min manat məbləğində artıqlıq (profisit) yaranıb. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 147 milyon 700 min manat və ya 11,6% çoxdur.

Dövlət Neft Fondundan (ARDNF) transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 28,6% artıq icra edilməklə 12 milyard 818 milyon 900 min manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,1% və ya 3 milyard 261 milyon 400 min manat artıqdır.

Əvvəlki yazılarımda da qeyd etmişdim, neftin dünya bazar qiymətlərinin həm dövlət, həm də Neft Fondunun büdcəsində nəzərdə tutulandan yüksək səviyyədə olması, həmçinin qeyri-neft-qaz sektorundan gəlirlərin və yığımın da durmadan artıqlaması ilə yerinə yetirilməsi sayəsindədir ki, büdcə ARDNF-dən transfertsiz də müsbət icra olunur.

Odur ki, fondun vəsaitinə tələbat azdır. Bunu cari ilin ilk yarısında dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 5 milyard 640 milyon manat əvəzinə 2 milyard 661 milyon manat transfert olunması da sübut edir.

Yəni 2 milyard 979 milyon manat və yaxud 52,8% az... Bu, əvvəlkitək dövlət büdcəsinə vergi, gömrük rüsumları və idxala vergi daxilolmaları üzrə müşahidə olunan müsbət dinamikayla izah olunur.

Bəli, iqtisadiyyat naziri Mikayıl Cabbarovun da qeyd etdiyi kimi, real sektorda şəffaflaşmanın artması, “kölgə iqtisadiyyatı”nın azalması, bütün növ biznes fəaliyyətin leqallaşmasına şəraitin yaranması büdcəyə daxilolmaların artması ilə nəticələnib.

Büdcəyə gəlirlərin proqnozlardan artıqlaması ilə yerinə yetirilməsi ilk növbədə şəffaflaşma prosesinin dərinləşməsinin nəticəsidir ki, sözügedən tendensiya vergi sahəsində dörd il öncə start götürüb. Və bu, özünü ötən hər bir il ərzində göstərib və göstərməkdə də davam edir.

Yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9 milyard 181 milyon 400 min manat həcmində vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,6 % və ya 2 milyard 700 milyon manat çox deməkdir.

Bu zaman qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 199 milyon 400 min manat təşkil etməklə keçən ilin ilk altı ayı ərzindəkindən 18,2% - 801 milyon 300 min manat artıq olub.

Yəni, bir daha qeyd edirəm, iki cəhət - şəffaflıq və bir də neftin dünya bazar qiymətləri, ölkəmizdə dövlət büdcəsinin artıqlaması ilə yerinə yetirilməsinin əsas səbəbləri sayılır.

Dövlət başçımız İlham Əliyev də ötən altı ayın sosial-iqtisadi yekunlarına dair müşavirədə qeyd etdi ki, bizim maliyyə vəziyyətimizin yaxşılaşması səbəbləri sırasında sektorda nizam-intizamın möhkəmlənməsi, vergi və gömrük orqanlarında islahatların davam etməsi, şəffaflığın təmin edilməsi dayanır.

Lakin... Bir məqam var. O da bundan ibarətdir ki, şəffaflaşma daimi xarakter daşıya bilsə də, neftin dünya bazar qiymətləri faktoru dəyişkəndir və bizdən asılı deyil. Ümumiyyətlə, neftin qiyməti və sair kimi amillər nisbi xarakter daşıdığından bu cür amillərin təsir və təzyiqlərindən getdikcə yaxa qurtarmaq gərəkdir. Başqa sözlə desəm, bilavasitə neftin qiymətindən qaynaqlanan artıqlıq və yaxud profisit bel bağlanası məsələ deyil və ola da bilməz.

Diqqət yetirək: 2019-cu ildən bəri ölkəmizdə işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 362 min 900, o cümlədən qeyri-neft-qaz sektorunun özəl bölməsində 330 minə yaxın artıb. Bu, əmək bazarında “ağardılma” prosesi yönündə həyata keçirilən islahatların nəticəsidir.

Odur ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da cari ilin ötən ilk altı ayı ərzində iki milyard yarım manatdan çox təşkil edib.

Ümumiyyətlə, qeyd olunan mənbə üzrə daxilolmalar təkcə ötən ilin eyni dövrü ilə müqayisədə 13,7% və ya 304 milyon 900 min manat artıb, qeyri-büdcə təşkilatları üzrə daxilolmalarsa 16% yüksələrək 1,6 milyard manatdan çox olub.

Demək istədiyim budur ki, dövlət büdcəmiz üzrə profisitin, ümumiyyətlə icra prosesində müsbət dinamikanın qorunub-saxlanmasını istəyiriksə, şəffaflaşdırma və “ağardılma” tendensiyasını inkişaf etdirməli və dərinləşdirməliyik.

Ötən yazılarımın birində də qeyd etmişdim ki, məsələn, Neft Fondundan transfertin azaldılması xəttinin davamı üçün iqtisadiyyatda keyfiyyət dəyişiklikləri dərinə işləməli, dövlət gəlirləri strukturunda qeyri-enerji sektoru üzrə mənbələrdən mədaxil qiymət artımı, inflyasiya kimi amillərə söykənməməli, artım sırf ekstensiv əsaslara köklənməlidir.

Sonda bir məsələyə də toxunum. Prezident İlham Əliyev yuxarıda qeyd etdiyim müşavirədə bildirdi ki, onsuz da, bizim builki dövlət büdcəmiz rekord həddə çataraq, 33 milyard manatdan yuxarı səviyyəyə qalxmışdı.

“Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik. Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur”, - deyə ölkə başçısı nəzərə çatdırdı.

Profisitdə dayanıqlılığa nail olmaqla dövlət büdcəmizin həcmini bir-iki ilə 50 milyard manata çatdıra bilərik.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}