Cırıq və ləkəli əsginaslar: Mərkəzi Bank vətəndaşdan hansı halda pulu qəbul edə bilər? - FOTO


Tez-tez pul əsginasları ləkələnir, cırılır. Bəzən cırılan pulun bir hissəsi də itir.

Bəs hansı halda Azərbaycan Mərkəzi Bankı vətəndaşdan pulu qəbul edib, dəyişə bilər?

Məsələ barədə AMB-nin Nağd Pul Departamentinin direktoru Elşən Mahmudov Oxu.Az-a qısa müsahibə verib.

- Vətəndaş cırıq və ləkəli pulları dəyişmək üçün nə etməlidir? Prosedur qaydaları necədir? 

- Azərbaycan Mərkəzi Bankı qanunvericiliklə müəyyən olunmuş funksiyalarından irəli gələrək pul nişanlarının tədavülə buraxılmasını, tədavüldən çıxarılmasını, eləcə də dəyişdirilməsini həyata keçirir. Pul nişanlarının dəyişdirilməsi zamanı pulların həqiqiliyi, tədavülə yararlılığı və nominal dəyərinin ödənilməsi müəyyən edilir. Qanunvericiliyə əsasən, pul nişanı həqiqidirsə və tədavülə yararlıdırsa, belə pullar Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz dəyişdirilir.

Tədavülə yararsız, o cümlədən zədələnmiş pul nişanlarına gəldikdə isə qanuna uyğun olaraq, saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizdən az olmayan hissəsini və ya eyni pul nişanına məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış kağız pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir.



- Bunun üçün hara müraciət etməliyik?

- Mövcud qanunvericiliyə əsasən, milli pul nişanları dəyişdirilməsi üçün banklara və Mərkəzi Banka təqdim edilə bilər. Vətəndaşların pul nişanlarının dəyişdirilməsi ilə bağlı müraciətlərini operativ şəkildə qarşılamaq üçün Mərkəzi Bankın Bakı şəhərində və regionlarda yerləşən ərazi idarələrində əhaliyə xidmət kassaları fəaliyyət göstərir. 

Məlumat üçün bildiririk ki, Bakı şəhərində “Nağd pul ofisi” çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri saat 10:00-dan 13:00-dək fəaliyyət göstərir.

Kommersiya banklarına və ya Mərkəzi Banka təqdim edilən pulların fiziki vəziyyəti və parametrləri qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğundursa, bu pullar yerində dəyişdirilərək nominal dəyəri vətəndaşlara ödənilir.

Təqdim edilmiş pulların həqiqiliyində hər hansı şübhə yaranarsa, bu zaman həmin pullar ekspertizanın aparılması məqsədilə vətəndaşdan qəbul edilir və qanunvericiliklə nəzərdə tutulmuş müddətdə baxılaraq nəticəsi barədə vətəndaşa məlumat verilir.

- Pulu dəyişməyə görə komissiya haqqı tuturlar? Bunu etmək düzgündürmü? Pulu dəyişməsələr, nə edək?

- Mərkəzi Bankda milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz əsasda aparılır.

Normativ hüquqi aktlara uyğun olaraq, kommersiya bankları pul nişanının dəyişdirilməsi zamanı öz tarif siyasətinə uyğun olaraq bu əməliyyatları ödənişli və ya ödənişsiz əsasda həyata keçirə bilərlər.

Vətəndaşlar Mərkəzi Bankın xidmət kassasına və kommersiya banklarına yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilər. Əlavə suallar yaranarsa, Mərkəzi Bankın “966” qaynar xəttinə müraciət oluna bilər.

İlhamə Əbülfət

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}