15-18 yaş aralığı şəxsləri işə götürənlərin NƏZƏRİNƏ: Qanunla qadağan olanlar nədir? - AÇIQLAMA


“Əmək qanunvericiliyinə əsasən, 15-18 yaş aralığında işçilər üçün nəzərdə tutulan bir sıra təminatlar var və bu, ayrı-seçkilik deyil”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq şöbəsinin məsləhətçisi Günel Baxşıyeva xidmətin “Facebook” sosial şəbəkəsi üzərindən yayımlanan “Sosial saat”ın efirində deyib.

O bildirib ki, Əmək Məcəlləsinin 16-cı maddəsi (Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi) bu mənada həmin məqamı istisna edir və ayrı-seçkilik hesab etmir:

“İşəgötürən 15-18 yaş aralığında işə götürdüyü şəxsə öz ixtisasını artırması üçün də müəyyən şərait yaratmalıdır. Hətta bu, onun işəgötürən üçün çalışdığı iş vaxtının tərkibinə daxil edilməlidir.

Uşaqlar üçün qısaldılmış iş vaxtı tətbiq edilir. Amma bu hər yaş üçün eyni deyil. 16 yaşına çatmayan uşaqlara iş saatı həftə ərzində 24 saata qədər təyin edilir. 16-18 yaş arasında isə iş saatı həftə ərzində 36 saatdan çox olmamalıdır. Bəzən işəgötürənlər tam və qısaldılmış iş vaxtına aid əməkhaqlarını qarışdırırlar, haqsızlığa yol verə bilirlər. Lakin buna yol vermək olmaz. Əmək Məcəlləsinə əsasən, o uşaqlar da tam iş vaxtında çalışan digər əməkdaşlarla, eyni vəzifədə çalışanlarla bərabər əməkhaqqı almalıdırlar”.

Bəs 15 yaşlı uşaq işə təcrübəçi kimi götürülürmü? İşəgötürənlərin müvafiq staj (təcrübə) tələbi bu məqamda necə tənzimlənir?

G.Baxşıyeva suala cavab olaraq qeyd edib ki, bu, Əmək Məcəlləsi ilə tənzimlənir:

“Əmək Məcəlləsində bir sıra hüquqlar var ki, bu, uşaqlara şamil edilmir. Biri elə işə götürülən zaman sınaq müddətidir. Uşaq iş üçün müraciət edirsə, ondan sınaq müddəti tələb edilə bilməz. Onunla birbaşa müqavilə bağlanılmalıdır. Üstəlik, məhz bu səbəbdən 15-18 yaş aralığında şəxslərin müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi (Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) ilə xitam vermək olmaz. Sınaq müddəti müəyyən edilmədiyinə görə, onun peşəkarlığı mübahisələndirilə bilməz.

Qeyd edim ki, 15-18 yaş aralığındakı uşaqların qeyri-iş günləri, gecə işlərinə cəlb edilməsi qanunla qadağandır. Eləcə də uşaqların ağır əmək fəaliyyətinə cəlb olunması, eləcə də onun əxlaqi kamilliyinə zərər verəcək gecə klublarında çalışması qadağandır. Buna görə İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri ilə hüquqi və fiziki şəxslər məsuliyyətə cəlb edilə bilərlər”.

Könül Cəfərli

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}