Moskvada Prezident İlham Əliyevin Prezident Vladimir Putinlə görüşü olub
Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub. Şəffaflıq.az xəbər verir ki, görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi: - Hörmətli İlham Heydər oğlu. Hörmətli həmkarlar. İlk növbədə, Sizi bir daha salamlamaq və Azərbaycan Prezidentinə Avrasiya İqtisadi Birliyi çərçivəsində bizim bugünkü görüşümüzə qoşulması qərarını qəbul etdiyi üçün təşəkkür etmək istəyirəm. Artıq deyildiyi kimi, formal olaraq qonaq qismində, lakin həqiqətən, İlham Heydər oğlu haqlıdır, bu, çox şərti addır, çünki Azərbaycan ilə Avrasiya İqtisadi Birliyinin iştirakçısı olan bütün ölkələr arasında münasibətlərin səviyyəsi və xarakteri ciddi, dərin məna daşıyır. İqtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir və bütün xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi istiqamətində irəliləyir. Mən çox istərdim ki, gələcəkdə də belə davam etsin, çünki regional əməkdaşlıq potensialı çox yüksəkdir. İkitərəfli əsasda götürüldükdə ümumilikdə Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir, həmçinin ardıcıl olaraq, bərabərhüquqlu prinsiplərlə, bir-birinin maraqlarını nəzərə almaqla və 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə uyğun şəkildə inkişaf edir. Biz hamımız buna çox şadıq. Bu il Heydər Əlirza oğlu Əliyevin 100 illiyi bayram edilir. Siz həm Sovet İttifaqının, həm də müstəqil Azərbaycanın bu siyasi xadiminə bizim münasibətimizi bilirsiniz. Bu görkəmli siyasi xadim ölkələrimizin tarixində birləşdirici simadır. O da yaxşı məlumdur ki, biz Rusiyada bu yubileyi layiqincə qeyd etdik. Dövlət Dumasında və Federasiya Şurasında sərgilər keçirildi, televiziyada sənədli filmlərin nümayişi oldu. Rusiya Federasiyasının regionlarında da çoxlu tədbirlər oldu. Bu tədbirlər təkcə paytaxtda keçirilmədi, həmçinin Heydər Əliyevin daim xatırlandığı Kazanda, Həştərxanda, Dağıstanda, BAM-da, o cümlədən Moskva-Tında qatarının təntənəli yola salınması və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi BAM-ın tikintisinə kuratorluq edən Heydər Əliyevin adının verildiyi Anqoya stansiyasında da tədbirlər oldu. Bunlar mənim əvvəldə söyləmək istədiklərimdir və mətbuat çıxandan sonra biz başqa məsələlər barədə də danışarıq. Buyurun.
Facebook-da paylaş