Dünya qızıl bazarında baş verən dəyişiklik Azərbaycanda qiymətlərə necə təsir edib? - FOTO
Qərb investorlarının qızıla marağı onun məzənnəsinin 2018-ci ilin yayında minimum 1 160 ABŞ dollarından 2020-ci ilin avqustunda rekord həddə (təxminən 2075 ABŞ dollarına) artmasına səbəb olub. Bu müddət ərzində qiymətli metal planetin ən cəlbedici maliyyə aktivlərindən birinə çevrilib. 2020-ci ildə pandemiyanın iqtisadi nəticələri və istiqrazların mənfi gəlirliliyinin qızıl ETF kapitalının 60 milyard dollarlıq rekord artımına səbəb olub. Bu, maliyyə böhranının ən qızğın çağında olan 2009-cu ildəkindən iki dəfə çoxdur. Pandemiya investorları qızılın onların portfellərinin tərkib hissəsi olmasına inandırıb. Qiymətli metal birja volatilliyinə və mənfi faiz dərəcələrinə qarşı aparıcı hedcinq aləti olub. Beləliklə, qızıl 2020-ci ildə ən cəlbedici aktivlərdən biri olub. 2023-cü ilin mart ayında ilk iki cəhd dərhal 1935 və 1945 dollara əhəmiyyətli geriləmə ilə başa çatdısa, apreldə 2 048 dollara qədər irəliləyiş əldə edilib. Demək olar ki, üç həftə davam edən və qiymətin 1970-2020 ABŞ dolları arasında dəyişdiyi konsolidasiyadan sonra “qızıl öküzlər” nəhayət, cəsarət topladılar və mayın 4-də qızılın qiymətini 2 067 ABŞ dollarına çatdırıblar. Füçers bazarı (iyun müqaviləsi), hətta 2 085 ABŞ dollarına qədər tarixi ən yüksək səviyyəsinə çatıb. Bununla belə, qızıl qiymətləri o vaxtdan etibarən yenidən 2 000 ABŞ dolları səviyyəsinə düşüb və hazırda bərpasına baxmayaraq, 2020-ci ilin avqustunda əldə edilən 2 075 ABŞ dollardan (ən yüksək göstəricidən) təxminən 60 ABŞ dolları aşağı olmaqla, 2 015 ABŞ dolları səviyyəsində ticarət olunur. Bütövlükdə, sarı qiymətli metalın dəyəri artıq iki aydır ki, yüksək səviyyədə ticarət edilir və yayın əvvəlinə uyğun trendsiz mərhələsinə tədricən yaxınlaşır. Bir qayda olaraq, iyulun ortalarına və ya avqustun ortalarına qədər geriləmə baş verir və əhəmiyyətli bir aşağı səviyyəyə çatır ki, bu da əsasən yeni yuxarı dalğa üçün ilkin siqnaldır. Bu baxımdan, hazırda qızıl bazarında səbirli olmaq və çox ehtimal olunan geri çəkilməni gözləmək tövsiyə olunur. Beləliklə dünya qızıl bazarında baş verən dəyişikliklər Azərbaycanda qiymətlərə və alıcılıq qabiliyyətinə təsir edib. “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin sədri Toğrul Abbasquliyev “Report”a bildirib ki, birjalarda ilin əvvəlində 999 əyarlı xam qızılın 1 qramı 60-62 ABŞ dolları olub, son günlər isə 63-65 ABŞ dolları arasında dəyişib: “Xammal bahalaşdığı üçün fabriklərdə hazır məmulatların qiymətlərini qaldırırlar. Qiymətə əsas təsir edən amillər xam qızılın qiyməti, qiymətli daşlar və işçi qüvvəsidir. İşçi qüvvəsi sahəsində son bir neçə ildə stabillik olsa da, brilyantın qiymətlində dünya üzrə ciddi artım olub. Brilyantın qiyməti ötən illə müqayisədə 35-40% artıb. Xam qızılın qiyməti də pandemiya dövründən öncə qalxıb, əvvəl 38-40 ABŞ dolları təşkil edirdisə, indi 60 ABŞ dollarını ötüb”. Buna baxmayaraq, ötən illə müqayisədə qızılın dövriyyəsi də, yerli istehsalı da artıb. “Əsasən Novruz bayramı ərəfəsində, yəni mart ayında, bir də Yeni İl qabağı - dekabr ayında satışlar daha çox artır. Ondan əlavə Məhərrəm ayında və mayda qızılın satışı zəif olur. Bəzi vətəndaşların inanclarına görə bu aylarda toy olmadığı üçün satış zəifləyir. Qeyd edim ki, toyların olub-olmaması yalnız satışa təsir edir, qızılın qiymətinə təsir etmir”, - deyə birliyin rəhbəri əlavə edib. Bakıda qızıl satışı ilə məşğul olan bəzi zərgərlər bildiriblər ki, bazarda alıcılar bahalı qızıl almaq istəmirlər: “İstənilən əyarda olan qızılların qiyməti çox qalxıb. Son aylarla müqayisədə Türkiyə qızılının qiymətində kəskin artım müşahidə olunur ki, bu da bazarda alıcılıq qabiliyyətini aşağı salır. Belə ki, 3-4 həftə öncə qızılın unsiyası 1 900-1 980 ABŞ dolları olan vaxtlarda bir qramın satış qiyməti 80-83 manat idi, hazırda isə 87-95 manata satılır. Lakin firmasından asılı olaraq Türkiyə istehsalı olan elə qızıl məmulatı var ki, 100 manata satırıq”. Satıcılar qeyd ediblər ki, bazarda təkcə türk qızılının deyil, Rusiya və İtaliya qızılının da qiymətində ciddi artım var. Onların sözlərinə görə, hazırda İtaliya qızılının bir qramının qiyməti 140-150 manat arasında dəyişir. Şəffaflıq.az
Facebook-da paylaş