Şarl Mişel: “Azərbaycan və Ermənistan liderləri münasibətləri normallaşdırmaq istəyirlər” - YENİLƏNİB + VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan 1991-ci il Almatı bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər. "Report"un Brüsselə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib. "İki ölkənin liderləri 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29,8 min kvadrat kilometr) və Azərbaycanın (89,6 min kvadrat kilometr) müvafiq ərazi bütövlüyünə sadiq olduqlarını bir daha təsdiq etdilər", - Şarl Mişel bildirib. O əlavə edib ki, iki ölkə arasında sərhədlərin yekun delimitasiyası növbəti danışıqlar yolu ilə razılaşdırılacaq. 20:39 Üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair müzakirələr aparılıb. "Report"un Brüsselə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib. "İki ölkə liderləri regionda vəziyyəti normallaşdırmaq istəklərini bildiriblər. Biz Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələlərini müzakirə etdik", - Şarl Mişel bildirib. Şarl Mişelin sözlərinə görə, Aİ-nin yalnız bir məqsədi var - tərəflərə sülhə nail olmaqda kömək etmək: “Bu məqsədlə biz iyul ayında Brüsseldə daha bir görüşün keçirilməsi barədə razılığa gəldik, bundan əvvəl isə Kişinyovda Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə daha bir görüşün keçirilməsi planlaşdırılır”. "Fikir mübadiləmiz səmimi və açıq olub. Biz birlikdə gündəlikdəki bütün məsələləri nəzərdən keçirdik. Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qətiyyətli addımların atılması üçün sürəti saxlamaq lazımdır", - Aİ Şurasının Prezidenti vurğulayıb. 20:32 Aİ Ermənistan və Azərbaycana hərtərəfli normallaşma yönündə yardım etmək işinə sadiqdir. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyan edib. “Biz tərəflərin birgə səylərinə töhfə verməyə davam edəcəyik”, - qurum rəhbəri əlavə edib. Qeyd edək ki, bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Avropa İttifaqının mənzil-qərargahında baş tutub. Görüş Bakı vaxtı ilə 15:00 başlayıb və 4 saatdan çox davam edib. Şəffaflıq.az
Facebook-da paylaş