Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Bu barədə Şəffaflıq.az Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat yayıb.
Prezident İlham Əliyevin bəyanatı
- Cənab Prezident.
Xanımlar və cənablar.
Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz. Mən Sizi bizim ölkədə qəbul etməkdən çox məmnunam. Azərbaycana rəsmi səfər etdiyiniz üçün çox sağ olun. Biz bunu dostluq və tərəfdaşlıq əlaməti hesab edirik. Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. Aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir. Bu gün cənab Prezidentin səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq edir.
Biz bir çox məsələləri müzakirə etdik. Əlbəttə ki, biz məmnuniyyətlə ölkələrimiz arasındakı güclü siyasi əlaqələri, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoqu vurğuladıq. İki il öncə cənab Prezident ilə videokonfrans vasitəsilə danışmaq imkanımız olub, çox konstruktiv və məhsuldar müzakirələr aparılıb. İndi də canlı olaraq ikitərəfli gündəliyə dair çoxlu vacib məsələlər haqqında danışmaq imkanımız oldu.
Bildiyiniz kimi, bu gün biz ölkələrimizin işgüzar dairələri qarşısında çıxış edəcəyik. Bilirəm ki, iş qurmaqda böyük qarşılıqlı maraq var. Bu gün biz həm ikitərəfli, həm də geniş tərkibdə görüşlərimiz zamanı iqtisadi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, təhsil, enerji, idman və başqa sahələrdə əməkdaşlığın müxtəlif aspektlərini geniş müzakirə etdik.
Əlbəttə ki, biz bu gün Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti də müzakirə etdik. Mən bir daha Azərbaycanın mövqeyini ifadə etdim ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Biz, həmçinin gürcüstanlı həmkarlarımız ilə bu barədə fikir mübadiləsi apardıq və onlar da bu seçimi çox müsbət qiymətləndirdilər. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Postmünaqişə vəziyyətinə gəldikdə, bizdə müəyyən nikbinlik var. O fakta əsaslanaraq ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. Yeri gəlmişkən, İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Bu, Ermənistan tərəfindən müsbət qarşılanmamışdır. Sonra biz mövqeyimizi, bu yaxşı məlum olan beş prinsipi dəqiqləşdirdik, hansı ki, bunlar beynəlxalq hüququn əsas prinsipləridir, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və yaxşı beynəlxalq təcrübə və davranışlara uyğundur. Ümid edirik ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq.
Eyni zamanda, biz Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdik. Çünki təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədimiz, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır. Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmışdır ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar.
Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur.
Azərbaycan hər zaman öhdəliklərə sadiq olub. Aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə söz vermişdiksə, biz buna sadiq idik. Lakin, biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur.
İkinci Qarabağ müharibəsinə gəldikdə, bildirmək istərdim ki, Azərbaycan BMT Nizamnaməsinin bizə verdiyi hüquqdan, özünü müdafiə hüququndan tam yararlandı. Biz təxminən 30 il danışıqlara sadiq qaldıq, lakin onlar sıfır nəticə verdi. Uzun müddət ərzində mən şəxsən hər zaman Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdım. Əgər sanksiyalar, özü də, ciddi sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistan çox xüsusi münasibətdən yararlandı və beynəlxalq hüququ kobud şəkildə pozduğuna, digər ölkənin ərazisini işğal etdiyinə baxmayaraq, Ermənistana heç bir sanksiya tətbiq edilmədi.
Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etməli oldu. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini özü icra etməli oldu. Nəhayət, döyüş meydanında və danışıqlar masasında Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdur.
İndi isə biz ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə üz-üzəyik. Çünki hər şey dağıdılmışdır və yerlə-yeksan edilmişdir. Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Hirosiması” adlandırırlar. Lakin Hirosimada olduğu kimi, burada dağıntılar atom bombasına görə olmamışdır, işğal zamanı barbar və vandallar tərəfindən həyata keçirilmişdir. İndi isə yenidən demək istəyirəm ki, biz sülhə sadiqik və ona mümkün ən tez bir zamanda nail olmaq istəyirik.
Bu gün biz cənab Prezident ilə Avropa İttifaqı-Azərbaycan əməkdaşlığını geniş şəkildə müzakirə etdik, hansı ki, çox uğurla inkişaf edir. Həmçinin yeni saziş üzrə danışıqların yekunlaşdırılması perspektivlərini, enerji, nəqliyyat təhlükəsizliyi məsələlərini, ticarət münasibətlərini müzakirə etdik. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, bu il bizim Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcmi, əlbəttə ki, artmaqdadır. Biz Litvaya Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəklədiyinə görə minnətdarıq. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır. Bir daha, cənab Prezident, bizimlə olduğunuz üçün təşəkkür edirəm. Mən bizim dialoqun davamını və yaxşı nəticələri gözləyirəm. Əminəm ki, belə də olacaq. Bir daha xoş gəlmisiniz.
Prezident Gitanas Nausedanın bəyanatı
- Salam, Zati-aliləri Prezident Əliyev. Nümayəndə heyətimlə birgə Azərbaycana səfərə gəlmək çox xoşdur. Bizi öz gözəl ölkənizdə qəbul etdiyinizə görə təşəkkür edirəm. Mən artıq Bakının necə də gözəl və bənzərsiz olduğuna fikir verdim və bu səfər zamanı onunla daha da yaxından tanış olacağıma ümid edirəm.
Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır. İkitərəfli münasibətlərin, cənab Prezident, Sizin qeyd etdiyiniz 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanatın ruhuna uyğun şəkildə daha da inkişaf etdirilməsi bizim marağımızdadır. Mən tam inanıram ki, bizim iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün böyük potensial var. Bu səbəbdən mən özümlə Azərbaycana bir çox biznes nümayəndələrini gətirmişəm. Biz bazar imkanlarını araşdırmaqda və ikitərəfli ticarət həcmlərini artırmaqda maraqlıyıq. Mən, həmçinin Azərbaycan biznes missiyasını bu ilin sonlarında Litvaya səfərə dəvət edirəm.
Biz Avropa və onun təhlükəsizlik arxitekturası üçün önəmli dönəmdəyik. Biz indi danışdığımız zaman Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edir. O, həmçinin qaydalara əsaslanan beynəlxalq nizamı müdafiə edir. İndi bütün mövcud praktiki vasitələrlə Ukraynanı dəstəkləmək vacibdir.
Litva Avropa İttifaqı ilə Azərbaycan arasında daha fəal əməkdaşlığın tərəfdarıdır. Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı platforması kontekstində çox önəmli ölkədir və strateji enerji tərəfdaşıdır. Biz Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə irəliləyişi dəstəkləməkdə davam edirik. Ukraynadakı müharibə öz enerji resursları mənbələrini şaxələndirmək üçün Avropaya bir xəbərdarlıq idi. Avropa İttifaqı öz enerji resursları mənbələrinin şaxələndirilməsini və özünün yanacaq məhsullarında Rusiyadan asılılığına son qoymaq istəyir. Avropa İttifaqında enerji ixrac edən alternativ ölkələrlə, o cümlədən təbii qaz sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə böyük maraq var. Azərbaycan enerji sektorunda Avropa İttifaqının etibarlı tərəfdaşıdır.
Biz ölkələrimiz arasında Avropa və digər beynəlxalq inkişaf alətləri vasitəsilə əməkdaşlıq potensialını görürük. Biz öz uğurlarımızla və islahatlar sahəsindəki təcrübəmizlə bölüşməkdə maraqlıyıq. Ən yaxşı misallardan biri Avropa İttifaqının Tvinninq proqramıdır. Azərbaycan və Litva bu proqramda etibarlı tərəfdaşlardır və mən bilirəm ki, biz artıq bir çox Tvinninq layihələrini sona çatdırmışıq, bəziləri isə davam etməkdədir.
Mən bilirəm ki, Azərbaycan öz qarşısına ümumi enerji sahəsində bərpaolunan enerji mənbələrinin həcminin artırılması məqsədini qoyub. Litva bərpaolunan enerji sektorunda, xüsusilə günəş enerjisi sahəsində güclü mövqeyə malikdir. Litva şirkətləri yüksək keyfiyyətə və davamlılığa malik günəş enerjisi modulları təqdim edə bilər. Litva Azərbaycana çox sayda fərqli qida məhsulları təqdim edə bilər, hansının ki, əsas ixrac bazarı Avropa İttifaqıdır. O bazar, hansı ki, yüksək səviyyəli qida keyfiyyəti tələb edir.
Ölkələrimiz arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq da böyük potensiala malikdir. Litva yaxşı inkişaf etmiş avtomobil yolu, dəmir yolu, inter-model və dəniz limanları infrastrukturu və xidmətlərinə sahibdir. Biz Avropa bazarına sərfəli logistik çıxış imkanı təklif edə bilərik. Biz Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin potensialını araşdırmaqda maraqlıyıq.
Təhsil sahəsi üzrə nümayəndə heyəti də Azərbaycana gəlib. Litva universitetlərinin rektorları ali təhsil sahəsində əməkdaşlığı gücləndirmək istəyirlər. Əsas məqsəd Azərbaycan universitetləri ilə birgə ikili diplom - təhsil proqramlarının qurulmasıdır. Bu kontekstdə demək istəyirəm ki, həyat yoldaşım Diana Azərbaycan Dövlət İqtisad Universitetində auditoriyanın açılış mərasimindədir. Auditoriya litvalı yazıçı Vincas Kreve-Mickevicisun adını daşıyır. Vincas Kreve görkəmli və müstəsna bir şəxsiyyət idi. Yüz il öncə, 1919-cu ildə o, müstəqil Azərbaycan Respublikasında Litvanın konsulu kimi çalışmışdır. O, Litva sənədləri verməklə minlərlə insanı bolşeviklərin qırmızı terrorundan xilas etmişdir. Cənab Prezident, bizi Bakıda səmimi qarşıladığınıza görə təşəkkür edirəm və Sizi Vilnüsə səfərə dəvət edirəm.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
Facebook-da paylaş