Azərbaycan çempionatında biabırçı hakim qərarları: Ofsayd xətti yenə əyri çəkildi - FOTO/VİDEO
Azərbaycan Premyer Liqasının 32-ci turunda keçirilmiş “Zirə” - “Turan Tovuz” oyunundakı hakim qərarları müzakirələrə səbəb olub. Şəffaflıq.az xəbər verir ki, referi Rauf Cabbarov bir neçə epizodda mübahisəyə səbəb olacaq addımlar atıb. Bir halda isə VAR sistemi oyundankənar vəziyyətlə bağlı xətti əyri çəkib. İlk problem 19-cu dəqiqədə üzə çıxıb. Referi “Zirə”nin hücumçusu Vladislav Kulaça qarşı qaydanın pozulduğunu əsas gətirərək, penalti təyin edib. Lakin VAR-ın müdaxiləsindən sonra monitora özü baxan hakim qərarı ləğv edib. 28-ci dəqiqədə bu dəfə Eldar Quliyev “Turan Tovuz”un cərimə meydançasında yerdə qalıb. Hakim ikinci dəfə penalti təyin edib. VAR-a baxıldıqdan sonra da qərar qüvvədə qalıb. Lakin sosial şəbəkələrdə ilk epizodun daha çox penalti olduğu fikirləri səsləndirilib. Ən mübahisəli epizod 39-cu dəqiqədə qeydə alınıb. “Zirə”nin futbolçusu Vladislav Kulaç fərqlənsə də, qol oyundankənar vəziyyət səbəbindən ləğv olunub. Təkrarda ofsayd xəttinin əyri çəkildiyi görünüb. Hətta rəqib müdafiəçi Şəhriyar Əliyevin dabanı xətdən geriyə düşüb. Xatırladaq ki, daha əvvəl 27-ci turda keçirilmiş “Neftçi” - “Kəpəz” matçında da VAR-dan təqdim olunan ofsayd xətti əyri olub. 45+2-ci dəqiqədə Runi Eva “Zirə”nin cərimə meydançasında yerdə qalıb. Rauf Cabbarov davam işarəsi verib. Epizodun təkrarında müdafiəçinin rəqib oyunçunun ayağına zərbə endirdiyi görünüb. 53-cü dəqiqədə isə kuryoz hadisə baş verib. Yenə hadisələrin mərkəzində Rauf Cabbarov olub. “Turan Tovuz” futbolçuları cərimə zərbəsi zamanı fiti gözləmədən topu oyuna daxil edərək qol vurublar. Hakim öncə qolu qeydə alıb. Yalnız VAR-ın müdaxiləsindən sonra o, qərarını dəyişib və cərimə zərbəsi yenidən yerinə yetirilib. Sözügedən qarşılaşma Tovuz klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Faiq Tahirov
Facebook-da paylaş