Bakı-Vyana-Bakı birbaşa aviareyslərinə start verilir - FOTO
Mayın 2-dən etibarən Bakı-Vyana-Bakı birbaşa uçuşlarına start veriləcək. Həftədə iki dəfə olmaqla çərşənbə axşamı və cümə günləri həyata keçirilməsi planlaşdırılan uçuşlar “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) tərəfindən icra ediləcək. AZƏRTAC xəbər verir ki, birbaşa uçuşların başlanması münasibətilə aprelin 24-də Avstriyanın paytaxtı Vyanada Dövlət Turizm Agentliyinin və Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə təqdimat keçirilib. Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakı-Vyana-Bakı birbaşa uçuşlarının ikitərəfli turizm əlaqələrinin inkişafı ilə yanaşı, qarşılıqlı turist mübadiləsinə də töhfə verəcəyini, Azərbaycanı avropalı turistlər üçün daha əlçatan edəcəyini bildirib. Fuad Nağıyev Azərbaycanın turizm istiqaməti kimi tanıdılması məqsədilə genişmiqyaslı tədbirlərin görüldüyünü, dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət ayrıldığını, pandemiyadan sonrakı bərpa prosesində Avropadan gələn turist sayının artacağına inamını ifadə edib. Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli tədbirdə çıxış edərək Azərbaycan və Avstriya arasında iqtisadi-ticari əlaqələrin dinamik inkişaf etdiyini, turizm əlaqələrinin genişlənməsinin dostluq və tərəfdaşlıq münasibətlərinə töhfə verəcəyini qeyd edib. Avstriya Respublikasının Federal Əmək və İqtisadiyyat Nazirliyinin turizm üzrə Dövlət katibi Suzanne Kraus-Vinkler birbaşa hava uçuşlarının turizm sahəsində mühüm rol oynayaraq, insanlara rahat səyahət seçimləri verdiyini, həmçinin iqtisadi faydalar gətirdiyini bildirib. O, Vyana-Bakı uçuşlarının ölkələrimiz arasında turizm və iqtisadi əlaqələrin güclənməsində əsaslı rol oynayacağını, turizm üzrə uğurlu əməkdaşlıqlara təkan verəcəyini diqqətə çatdırıb. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev AZAL tərəfindən yerinə yetiriləcək birbaşa uçuşlarda sərnişinlərin daşınmasının, uçuşların rahatlığının və xidmətin yüksək keyfiyyətlə həyata keçiriləcəyinə əminliyini ifadə edib. O, növbəti mərhələdə AZAL tərəfindən Avropanın digər şəhərlərinə də birbaşa uçuşların həyata keçiriləcəyini vurğulayıb. Azərbaycanın turizm potensialı haqqında təqdimatla çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Vyanadan Bakıya birbaşa uçuşların həyata keçirilməsinin strateji məqsədlərdən biri olduğunu, uçuşların yalnız Avstriya ilə deyil, Almaniya və İsveçrə kimi hədəf ölkələrlə də turizm əlaqələrinin genişlənməsinə müsbət təsir edəcəyini bildirib. O, Avstriyada mütəmadi keçirilən, turistlərin sayının artırılmasına yönəlmiş tanıtım və təbliğat tədbirlərinin intensivləşdiriləcəyini nəzərə çatdırıb. Avstriyadan dövlət rəsmilərinin, turizm sənayesi nümayəndələrinin, Avstriya və Slovakiyadan olan media nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycanın milli mətbəxinin nümunələri və şərabçılıq məhsulları təqdim olunub, milli incəsənət ustalarının iştirakı ilə mədəni proqram təşkil edilib. Qeyd edək ki, Avstriya Respublikasının vətəndaşları üçün sadələşdirilmiş viza rejimi çərçivəsində “ASAN Viza” elektron sistemi tətbiq olunur.Şəffaflıq.az
Facebook-da paylaş