Ədaləti özümüz bərqərar etməliyik!


Ermənilərin əsir düşmüş azərbaycanlı əsgərlə bağlı çəkib, fəxrlə yaydıqları kadrlar bir rəzalət nümunəsidir. O kadrlara baxmaq həqiqətən çox çətindir. Özü də buna 2-3 nəfərin etdiyi iş kimi yanaşmaq lazım deyil. Bu, erməni toplumunun əlindən çıxan işdir. Ermənilər tarix boyu bizə qarşı həmişə belə davranıblar. 1905, 1918-ci illərdə də, Birinci Qarabağ savaşında da, Xocalıda soyqırımını törədəndə də... Ediblər, heç “uf” da deməyiblər.

Bu kadrlar həm də ermənilərin nə dərəcədə aciz, yazıq durumda olduğunu göstərir. Əliyalın, bir neçə gündür ac qalan bir yeniyetməni döyüb, işgəncə verib, bundan zövq alacaq qədər xəstə təfəkkürlüdürlər. 

Əkrəm Əylisliyə göstərmək lazımdır

O kadrlara baxmaq, həqiqətən, çox çətindir. Amma çətin də olsa, bu kadrları aparıb “daş yuxu”suna gedən “yazıçımız” Əkrəm Əylisliyə də göstərmək lazımdır. Qoy baxsın, müdafiəsinə qalxdığı xalqın nümayəndələrinin hansı əxlaqın sahibi olduğunu görsün. Bəlkə gələcəkdə düşüncələrinə təsir edər.  

Çətin də olsa, bu kadrları təkrar-təkrar bizə humanizm dərsi keçən, əlimizi silaha atanda özlərindən gedənlərə də göstərmək lazımdır. Qoy bilsinlər ki, sabah onlarla da belə davranıla bilər.  

Edən erməni, işgəncəyə məruz qalan azərbaycanlı olanda

Bu kadrları həm də tez-tez ədalətdən dəm vuran, Azərbaycanı ermənilərə qarşı humanizmdən uzaq davranışlarda ittiham edən beynəlxalq təşkilatların nümayəndələrinə də göstərmək lazımdır. 2 gündür bir dənəsindən səs çıxmır. Sanki qurbağa gölünə daş atmısan.

İndi təsəvvür edin ki, bu hadisə Azərbaycan tərəfində baş versəydi nələr olardı. Həmin o beynəlxalq təşkilatlar az qala BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını istəyərdilər. Edən erməni, işgəncəyə məruz qalan azərbaycanlı olanda isə hər şey yaddan çıxır, bığaltı nəsə mızıldanmaqla işlərini bitmiş hesab edirlər.   

Nə yaxşı ki, güclü ordumuz var

Sağ olsunlar, hər keçən gün dünyanın nə dərəcədə ədalətsiz olduğunu bizə göstərirlər. Bizi agah edirlər ki, ədaləti beynəlxalq hüquqda, başqa qapılarda axtarmağın mənası yoxdur. Ədaləti özümüz bərqərar etməliyik!

Bu kadrlara baxanda və ətraf aləmin reaksiyasını görəndə yalnız bunu düşünürəm: nə yaxşı ki, bu gün güclü ordumuz var! Ordumuz olmasa, onun gücünü üzərlərində hiss etməsələr, bizi xalq kimi o əsir düşən əsgərimizin halına salarlar, dünyanın tükü də tərpənməz. Ona görə də coğrafiyanı bir qismət kimi qəbul edib həmişə gözdə-qulaqda olmalı, “dəmir yumruğ”umuzu sıxıb gözləməliyik. 

Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}