Baş Prokuror: “Zərurət yaranarsa, prokurorluq və DTX əməkdaşları İrana ezam olunacaq”
“Azərbaycanın İrandakı diplomatik korpusuna silahlı hücumla bağlı işin halları göstərir ki, bu şəxs tək olmayıb. Bu, təşkil olunub”. Şəffaflıq.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev deyib. Onun sözlərinə görə, cinayətin bütün iştirakçıları, sifarişçiləri və icraçıları məsuliyyətə cəlb edilməlidir: “Bununla bağlı artıq biz Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə İran tərəfinə hüquqi yardım haqqında vəsatət hazırlayırıq. Danışığımız əsasında həmin vəsatət göndəriləcək və zərurət yaranarsa, bizim buradan prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları oraya (İran- Red) ezam olunacaq. O işin gedişatını biz daima nəzarətdə saxlayırıq”. Baş Prokuror əlavə edib ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı silahlı hücumla bağlı bir çox qaranlıq məqamlar var: “Hücum edən şəxsin yarım saatdan artıq müddətdə bizim diplomatik korpusa silahlı basqın etməsi və buna qarşı polis və təhlükəsizlik xidməti orqanları tərəfindən heç bir tədbirin görülməməsi, “Kalaşnikov” tipli avtomatın bu şəxs tərəfindən necə əldə edilməsi. Bildiyiniz kimi, onun hətta iki odlu silahı olub”.
Facebook-da paylaş