“Əsrin fəlakəti”ni yaşayan Türkiyənin infrastruktura dəyən ziyan neçə milyard dollardır? - ARAŞDIRMA + FOTO


Qardaş Türkiyə “əsrin fəlakəti”nin maddi və mənəvi nəticələrini, onun fəsadlarını analiz edir, müxtəlif hesabatlar hazırlayır. Gəlinən ilkin qənaət budur ki, bu faciə tək Türkiyəyə deyil, onunla qonşu olan, qarşılıqlı ticarət əməliyyatları aparan dövlətlərə də təsirsiz ötüşməyəcək.


Məqalədə qeyd olunub ki, iqtisadçılar və beynəlxalq ekspertlərlə birlikdə dəyən ziyanın nəticələrinin tez bir zamanda aradan qaldırılması yolları axtarılır.

Zəlzələnin şokundan qurtulmaq nə qədər ağır olsa da, qısa müddətdə irimiqyaslı bərpa-quruculuq işlərinə başlanılacağı bildirilir.


Türkiyə tarixində buna qədər də çox çətinliklər yaşanıb və şübhə yoxdur ki, qardaş ölkə bu fəlakətdən da uğurla çıxacaq. Bu qənaəti beynəlxalq analitik qruplar da bölüşürlər.

Əsas problemlərdən biri odur ki, zəlzələ zamanı insanlar həm iş imkanlarını, həm də evlərini itiriblər və bu, ikiqat zərbədir. İnsanlar bu çətinliklə ölkənin iqtisadi baxımdan heç də əlverişli olmayan durumunda üzləşirlər. Türkiyədə minimum əmək haqqı 8 min 500 lirə, yoxsulluq həddi isə təxminən 8 min 860 lirə təşkil edir. 


 

Zəlzələnin vurduğu zərərin müəyyən edilməsi ilə bağlı məlumatlar tez-tez yeniləndiyi üçün maddi itkini hesablamaq asan deyil. Yalnız təxmini hesablamalarla ümumi nəticə əldə etməyə çalışılır. Məsələn, JPMorgan-ın ilkin hesablamalarına görə, zəlzələ nəticəsində infrastruktura dəyən ziyan 25 milyard dollar təşkil edib.

Zəlzələnin yaratdığı xərclər isə əsasən iki istiqamətdə hesablanır. Birincisi, zərər görən binaların, şəhərlərin yenidən qurulmasına lazım olan vəsaitdir. İkinci məqam isə zəlzələ zamanı itirilən istehsal gücünün yaratdığı xərclərdir. Açıqlanan son rəqəmə görə, dağılan və qəzalı vəziyyətə düşən binaların sayının təxminən 330 mindən çox olduğunu nəzərə alsaq, bu tikililərin inşası üçün 20 milyard dollar lazım olacaq. Lakin yaşayış yerləri qırılma xəttindən uzaq bölgələrə köçürülərsə, bina sayı arta bilər. Bu isə əlavə xərclərin ortaya çıxması deməkdir.


Zəlzələ zamanı evləri qəzalı vəziyyətə düşən 1 milyona yaxın insanın illik sığınacaq və qida xərcləri üçün də əlavə 3-5 milyard dolar lazım olacaq.

Avito Real Estate ekspertləri zəlzələlərdən sonra Türkiyənin daşınmaz əmlak bazarında bir müddət durğunluq yaşanacağını istisna etmirlər. Gözlənilir ki, ölkə hakimiyyəti tikintiyə daha ciddi nəzarət etməyə başlayacaq, norma və standartları sərtləşdirəcək ki, bu da mənzillərin qiymətini artıra bilər. Ölkədə xeyli sayda evsiz insan kütləsi yarandığından zəlzələ baş əraziyə yaxın şəhərlərdə, eləcə də əsas böyük şəhərlərdə kirayə qiymətləri bahalaşacaq. Artıq bunun ilkin elementləri hiss olunmağa başlayıb.

Zəlzələdən sonra Türkiyə iqtisadiyyatını nələrin gözlədiyi barədə də müxtəlif fikirlər mövcuddur. İlkin hesablamalara görə, kataklizmin vurduğu ziyan ÜDM-in 10 faizinə çata bilər ki, bu da onsuz da problemli olan ölkə iqtisadiyyatı üçün çox böyük yükdür. Zəlzələnin episentri ölkəni kənd təsərrüfatı məhsulları ilə təmin edən Kahramanmaraş vilayətinə düşüb. İqtisadçı Fatih Akçelik türk mediasına müsahibəsində bildirib ki, Türkiyə iqtisadiyyatının ən çox zərər çəkdiyi sektor kənd təsərrüfatı olub və bunun nəticələrini bütün dünya hiss edəcək. 

Yaxın gələcəkdə Türkiyə iqtisadiyyatının inkişafının hansı istiqamətdə olacağı ilə bağlı fikirlər də müxtəlifdir. Bəziləri mərkəzi hökumətin çox çətin bir il keçirəcəyini proqnozlaşdırırlar. Digərləri isə əmindirlər ki, hökumət çətin də olsa, problemin öhdəsindən gələcək. Çox güman ki, Türkiyəyə beynəlxalq maliyyə qurumları, digər dövlətlər də yardım edəcək. Prezident Ərdoğan bir il ərzində bərpa işlərini başa çatdıracaqlarını, zərərçəkmiş hər bir ailəyə təzminat ödəniləcəyini və insanların sahilyanı otellərə köçürüləcəyini vəd edib. Bunun üçün külli miqdarda vəsait tələb olunacaq. Rusiyalı ekspert Aleksandr Razuvayev hesab edir ki, ölkə bununla bağlı ehtiyatlı siyasət yürüdəcək, hamıdan sərmayə cəlb edəcək, amma hamıdan bir az götürəcək. Ekspertin fikrincə, ümumilikdə Türkiyənin kifayət qədər güclü iqtisadiyyatı var və zəlzələ iqtisadiyyatın o qədər də böyük hissəsinə təsir etməyib. Ona görə də zəlzələ bölgəsində hər şeyi yenidən qurub bərpa etmək mümkün olacaq. Bu səylər ÜDM-in artımına da təkan verə bilər.

Şəffaflıq.az



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}