Azərbaycan xalqı hələ faciələrin təsirindən çıxmayıb: “İnsanların bayrama sevinmə səbəbləri qalmayıb”


Bir neçə gün öncə Novruzun ilk çərşənbəsini qarşıladıq. İlk çərşənbə ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. Cəmiyyətimizdə milli adət və ənənələr həmişə aktual mövzu olub. Adət-ənənə milli-mədəni kimliyin göstəricilərindən biridir. Xalqın xarakterini, millətin mədəniyyətini özündə ehtiva edir. Lakin son illər bayram adət-ənənələrimiz itib-batıb. Hətta unudulduğunu da iddia edənlər var. İlk çərşənbədə bayram əhvali-ruhiyyəsi qəti şəkildə hiss olunmadı. Əvvəlki canfəşanlıq yox idi.

Maraqlıdır, adət-ənənələrimiz niyə sıradan çıxıb? Novruz bayramının təntənəsi niyə zəifləyib? Son illər milli adət-ənənələrimizin unudulmasının səbəbi nədir?

Mövzu ilə bağlı açıqlama verən yazıçı Varis Yolçuyevin sözlərinə görə, internet əsrində milli adət-ənənələri qoruyub, saxlamaq daha önəmli məqamdır:

“Urbanizasiya olan yerlərdə get-gedə milli adət-ənənələrdən yayınma halları olur. Milli adət-ənənələr hər an təbliğ olunmalıdır. İndi dövr dəyişib. Keçmişdə adət-ənənələr artan xətt ilə gedirdi. İndi bu gün trenddə internetdir. İnsanlar internet aludəçisinə çevriliblər. Belə bir dövrdə milli adət-ənənələri qoruyub, saxlamaq daha vacibdir.

Bu gün əvvəlkindən də  5-10 dəfə artıq təbliğ olunub, gündəmdə qalmalıdır. Ancaq baxaq, buna kim can atır. Medianın da özünəməxsus rolu var. Bununla yanaşı məktəblərdə müəllimlər, evdə valideynlər övladlarımıza milli adət-ənənələrimizdən bəhs etməlidir. Kökümüzü unutmamalıyıq”.

V.Yolçuyev qeyd edib ki, adət-ənənələrdən soyumağımız təbliğatın zəif olması ilə əlaqəlidir:

“Mobil telefona aludə olmuşuq. Deyirik ki, gələcək budur. Lakin o deyil. Bütün bu cihazlar Yaponiyadan gəlir. Lakin onlar milli adət-ənənələrini qoruyub, saxlayırlar. Çünki təbliğatları genişdir. Ən azı onlardan özümüzə örnək götürməliyik. Dönə-dönə təbliğat aparmalıyıq. O zaman yad ünsürlər bizi kökümüzdən ayıra bilməz”.

Yazıçı əlavə edib ki, insanların bayrama sevinmə səbəbləri qalmayıb:

“2019-cu ildə bayramlar daha yüksək formada keçirilirdi. Koronavirus, böhran, inflyasiya insanları daim qorxu içində yaşatdı. Türkiyədə baş verənlərin də təsiri oldu. İnsanlarda qorxu var. İnsanlar nikbin, pozitiv olmalı və inanmalıdırlar ki, bu, bir qara zolaqdır, gəlib keçəcək. Yenə həyat al-əlvan olacaq”.

Folklorşünas Seyfəddin Rzasoy qeyd edib ki, Azərbaycan xalqı hələ faciələrin təsirindən çıxmayıb:

“Bayramların sönük keçməsi son illərin hadisələri ilə bağlıdır. Bizim Qarabağ savaşında çoxlu şəhidlərimiz oldu. Azərbaycan xalqı nəinki Novruz bayramını, digər bayramları da əhvali-ruhiyyəsiz qeyd etdi. Öz evində bayram etməyə, bu bayram əhvali-ruhiyyəsini küçədə nümayiş etdirməyə utandı. İndi də Türkiyədə faciə oldu. Təsirindən hələ çıxa bilməmişik. Bu mənada Azərbaycan xalqı faciələrin təsiri altındadır. İnsanlarda əhvalsızlıq əmələ gəlib”.

S.Rzasoy bildirib ki, çərşənbələr bəzi bölgələrdə qeyd olunmur:

“Novruz bayramı sovet dövründə mətbəx bayramı səviyyəsinə endirilmişdi. Sonradan bərpa olundu. Çərşənbələr bəzi bölgələrdə qeyd olunmur. Bir tək ilaxır çərşənbə qeyd olunur. Ümumiyyətlə, çərşənbələrin qeyd olunması bölgədən-bölgəyə dəyişir”.

Folklorşünas əlavə edib ki, Yeni ilin geniş şəkildə qeyd olunmasının səbəbi XX əsrdə Sovet epoxasında yaşamağımızdır:

“Yeni ilin geniş şəkildə qeyd olunmasının səbəbi Sovet epoxasında yaşamağımızdır. Bütün həyatımız Miladi təqvimi üzərində qurulub. O xatirəni davam etdiririk. Avropada da Yeni il böyük çoşqu ilə qeyd olunur. Bütün bunlar bizə də öz təsirini göstərir”.

Nəzrin Vahid

Şəffaflıq.az



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}