Qarabağ və Şərqi Zəngəzurun dərdi: Beynəlxalq aləm Ermənistanı cəzalandırmalıdır
Azərbaycan Ermənistanın işğalında olan torpaqlarını iki ildən çoxdur ki, azad edib. Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında sürətli yenidənqurma və bərpa işlərinə başlayıb. Ancaq mina problemi insan həyatı üçün təhlükə olaraq qalır. 2020-ci ilin 10 noyabr tarixindən, yəni Qarabağda müharibə bitəndən bu günə qədər 282 nəfər minaların qurbanı olub. Azad edilmiş ərazilərinin minalarla kütləvi şəkildə çirklənməsi Azərbaycan hökumətinin bu ərazilərdə geniş bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə ciddi maneələr yaradır. Ən əsası isə bu, yüzminlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz şəkildə qayıtma kimi ayrılmaz hüququnun həyata keçirilməsinə mənfi təsir göstərir. Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanovun açıqladığı son rəqəmlərə əsasən, mina partlayışları zamanı 236 nəfər xəsarət alıb, 46 nəfər həlak olub: “Təəssüflər olsun ki, mina qurbanların sayı artmaqda davam edir”, - deyə o əlavə edib. Göründüyü kimi, münaqişə sonrası dövrdə Azərbaycanın azad edilmiş ərazilərində mina və digər partlayıcı sursatların mövcudluğu azərbaycanlı hərbçilərin və mülki şəxslərin təhlükəsizliyi və sağlamlığına ciddi təhlükə yaradır. 2022-ci il avqustun 15-dən bəri 1300-dən çox piyada əleyhinə mina təkcə Laçın rayonunda tapılıb. Müəyyən olunub ki, bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunub və 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisində basdırılıb. Bundan əvvəl, 2022-ci ilin noyabrın 21-də Laçında 350 ədəd “PMN-Э” tipli piyada əleyhinə mina sahəsi aşkarlanmışdı. Həmin minaların 2021-ci ildə Ermənistanda istehsal edildiyini müəyyən olunmuşdu. 2023-cü ilin fevralın 21-də isə məlumat yayılıb ki, ANAMA əməkdaşları işğaldan azad olunan Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində Birinci Qarabağ müharibəsi zamanı erməni quldurlarının azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdığı ərazilərdə minatəmizləmə prosesinə başlayıblar. Göründüyü kimi, Ermənistanın mina terroru heç bir sərhəd tanımır. Beynəlxalq ictimaiyyət Ermənistanın cəzalanmasını tələb etməli və mina terroruna görə məsuliyyətini müəyyənləşdirməlidir. Aqil Vəlili Şəffaflıq.az
Facebook-da paylaş